Maraqlı olan həm də digər məsələdir. Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, fransalı xanım nazir həyasızcasına Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı “cinayət” adlandırır. Bu da saxtakarlıqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini nümayiş etdirir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, bir milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransa riyakarcasına Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışır.
Digər bir məsələ, Ermənistanın Rusiyaya qarşı bəyanatlarına gəldikdə, bunların da qaynağı, sözsüz ki, Fransadır. Bəllidir ki, Rusiya ilə münasibətləri gərginləşən Ermənistan ard-arda Rusiya əleyhinə sərt addımlar atmaqdadır. Ölkə ərazisindəki Rusiya hərbi bazası üçün icarə haqqının artırılması çağırışları, Rusiyaya məxsus bütün strukturlardan çıxmaq, Roma Statutunun qəbulu və s. artıq bütün cizgilərin keçilməsi deməkdir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya Prezidenti V.Putinin həbsi barədə order verib. Roma Statutunu ratifikasiya edən ölkələr Putinin həbsi ilə bağlı hüquqi addım atmağı öhdəsinə götürürlər.