Fransa Azərbaycanı özünə  dost ölkə hesab edir -SƏFİR

  • By admin
  • 03 Noyabr 2016 18:40
sefir
Fransa Qafqazın bu bölgəsi ilə münasibətlərin inkişafına böyük maraq göstərir və Azərbaycanı özünə  dost ölkə hesab edir.
Gununsesi.info xəbər verir ki, bu fikri Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Milli Məclisin sədri Oqtay əsədovla görüşündə deyib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə,  bu gün  Milli Məclisin Sədri Oqtay Əsədov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşezi qəbul edib.
Sədr qonağa yeni diplomatik fəaliyyətində uğurlar arzulayaraq, Fransa ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha yüksək səviyyəyə qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyinə inamını söylədi.  Qonağa bu şərəfli və məsuliyyətli işində uğurlar dilədi. 
Qeyd edildi ki, münasibətlərimizin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb. Bu günədək ölkələrimiz arasında 50-yə yaxın hüquqi sənəd imzalanıb. 
Bakıda Fransız liseyinin fəaliyyət göstərməsi və ötən il Azərbaycan-Fransız Universitetinə dair niyyət barədə sənədin imzalanması xalqlarımızın ümumi məqsədlərinə xidmət edir.  Bu gün Azərbaycanda 40-a yaxın Fransız şirkəti səmərəli fəaliyyət göstərir. Azərbaycan-Fransa İqtisadi Komissiyası iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Sədr münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini əhəmiyyətli hesab etdi. Bildirildi ki, Azərbaycan Milli Məclisi Fransa Parlamenti ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsi buna parlaq misaldır. 
Bu gün hər iki ölkənin deputatları nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir, tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar. 
Spiker ümidvar olduğunu bildirdi ki, qonaq səfir kimi ölkələrimiz arasında əldə olunmuş nailiyyətlərin daha da dərinləşməsinə öz diplomatik fəaliyyəti dövründə yeni töhfələr verəcəkdir. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez Azərbaycanda fəaliyyətə başlamasından məmnun olduğunu söyləyərək, bir diplomat kimi Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində səylərini əsirgəməyəcəyini söylədi. Qeyd edildi ki, Fransa Qafqazın bu bölgəsi ilə münasibətlərin inkişafına böyük maraq göstərir və Azərbaycanı özünə  dost ölkə hesab edir. Təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar vardır. Bu niyyətlərin baş tutması xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.
 Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Mürtəza
Gununsesi.info