Fransa Azərbaycandakı maraqlarını niyə açıq ermənipərəst mövqeyə qurban verir?

  • By admin
  • 28 Oktyabr 2022 19:59

Azərbaycan və Ermənistan rəhbərlərinin Praqa görüşündən sonra gözlənilirdi ki, iki ölkə arasında sülh prosesi yeni məcrada daha da sürətlənsin. Lakin ötən günlərdə Azərbaycan – Ermənistan sərhədində vəziyyət heç də birmənalı görünmür. Bu siyasi oyunbazlığın arxasında bu dəfə nə gizlənir? Fransanın iştirakı ilə baş verən bu riyakarlıq iki ölkə arasında münasibətlərin normallaşmasına, Fransa ilə əməkdaşlığın inkişafına necə təsir edəcək?

Gununsesi.info xəbər verir ki, Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev “Xalq” qəzetinin bu suallarına cavabında bildirib:

– Doğrudan da, Praqa görüşünə qədər həm Brüssel, həm də Moskva formatında keçirilən bütün görüşlər öz məhsuldarlığı ilə yadda qalmışdı. Sülh müqaviləsi üzərində tərəflərin işə başlaması, sərhədlərin dəqiqləşdirilməsi üzrə hər iki tərəfdən müvafiq komissiyaların yaradılması və sərhəd zonasında görüşün keçirilməsi, nəqliyyat kommunikasiyalarının qarşılıqlı şəkildə açılması ilə bağlı bir sıra razılaşmalar da məhz həmin görüşlərdə əldə olunmuşdu.

Praqada keçirilən sonuncu görüşün ən böyük uğuru isə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad etməklə, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması oldu. Lakin bu görüşdə hadisələrin məntiqinə uyğun olmayan bir hadisə də baş verdi. Müzakirələr zamanı Fransa Prezidenti Emmanuel Makronun təqdimatında, guya, tərəflər arasında etimad yaradılması üçün Avropa İttifaqı mülki missiyasının Azərbaycan – Ermənistan sərhədlərinə gətirilməsi haqqında təklif irəli sürüldü və bu təklif Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Buna baxmayaraq, Ermənistan belə bir missiyanın vacibliyinə təkid edərək onu öz ərazisində yerləşdirməyə razılıq verdi.

Bununla da son iki ildə pozitiv dinamika üzrə davam edən sülh danışıqlarına əlavə müdaxilə imkanları yaradıldı. Praqa görüşündən, demək olar ki, dərhal sonra Avropa İttifaqı mülki missiyasının Ermənistana gəlişi və daha sonra Azərbaycanla razılaşdırılmadan ATƏT-in xüsusi missiyasının Ermənistana göndərilməsi danışıqlar prosesini qeyri-müəyyənliyə istiqamətləndirdi. Hadisələrin bu şəkildə davamı yaxşı heç nə vəd etmir.

– Qarşıdan isə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçi görüşü gəlir.

– Zənnimcə, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədə kənar missiya gətirmək cəhdi onun üçün Rusiya Prezidenti V. Putinlə 44 günlük müharibə zamanı keçirdiyi bütün görüşlər və təmaslardan daha ağır bir durum yaradıb. Ermənistanın düşdüyü ən ağır vəziyyətlərdə məhz Rusiyanın vasitəçiliyi və köməyilə hərbi əməliyyatları dayandırmağa nail olmuş N. Paşinyanın indi Aİ missiyasını öz ərazisinə gətirməsi Rusiya maraqlarına birbaşa ziddir.

Buvaxtadək Ermənistan öz sərhədlərinin mühafizəsini məhz Rusiyaya etibar edib və ərazisində Rusiya hərbi bazasını saxlayır. İndiki halda isə Ermənistanın Rusiya ilə razılaşdırmadan, müvəqqəti də olsa, Avropa İttifaqının müxtəlif missiyalarını öz ərazisinə gətirməsi Şimal superdövlətinin bugünkü durumunda ona xəyanət kimi qiymətləndirilə bilər. Ukrayna hadisələri ilə bağlı Rusiyanın Qərb tərəfindən hamılıqla təkləndiyi bir vaxtda Ermənistanın həmin qüvvələri bölgəyə cəlb etmək cəhdləri arxadan vurulan zərbə təəssüratı yaradır.

Bütün bunlara görə yaxın günlərdə Soçidə keçiriləcək görüşlərin Ermənistan baş naziri üçün heç də asan olmayacağı indidən aydındır. Bu da, öz növbəsində, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan danışıqların, ən azı, bu mərhələdə dalana dirənməsi və ya səmərəsiz olması ilə nəticələnə bilər. Praqa görüşündən əvvəl Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuşdu və belə ziddiyyət yaşanmamışdı.

– Praqa görüşündə Fransa Prezidenti Emmanuel Makronun iştirakı bu ziddiyyətin yaranmasına təsir göstərdimi? Bugünkü qeyri-müəyyənliyin yaranmasında kəskin ermənipərəst mövqeyi ilə seçilən Fransa rəhbəri birbaşa hansı rol oynadı?

– Hələ görüşdən əvvəl Avropa İttifaqı prezidenti Ş. Mişelin vasitəçiliyi ilə aparılan danışıqlara Fransanın da töhfə vermək arzusunu nəzərə alaraq, Azərbaycan tərəfi prezident E.Makronun bu görüşdə iştirakına razılıq vermişdi. Belə başa düşmək olardı ki, Fransa Prezidentinin bu görüşdə iştirakı Azərbaycanla münasibətləri tənzimləmək məsələsində öz ölkəsində müxalifətin ciddi təzyiqi ilə rastlaşan N. Paşinyana da dəstək olacaq. Lakin Avropa İttifaqı missiyasının bölgəyə gətirilməsi məsələsinin Fransa Prezidenti tərəfindən gündəmə gətirilməsi və Ermənistan baş naziri tərəfindən dəstəklənməsi müşahidəçilərdə, istər-istəməz, bunun öncədən onlar arasında “razılaşdırılmamış təxribat olması” qənaəti yaratdı.

Azərbaycanın bu təklifi rədd etməsinə baxmayaraq, Ermənistan baş nazirinin Aİ mülki missiyasını öz ərazilərində yerləşdirmək haqqında razılığı, əslində, aparılan danışıqları mürəkkəbləşdirməyə və ya, ən azı, ləngitməyə hesablanıb. Görünən odur ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli məlum üçtərəfli Bəyanatdan və ardınca Moskva və Brüssel formatlarında əldə olunmuş razılaşmalardan irəli gələn öhdəliklərin, ən azı, bir hissəsini yerinə yetirmək istəmir. İşğalçı ölkə münasibətlərin normallaşdırılması proseslərinə bölgədən kənar güclərin cəlb edilməsi ilə 2 ildən bəri davam edən prosesi sabotaj etməyə çalışır.

Praqa görüşündən sonra Fransa Prezidenti Emmanuel Makronun televiziya müsahibəsində səsləndirdiyi qeyri-obyektiv açıqlamaları isə onu deməyə əsas verir ki, hadisələrin bu məcraya yönəlməsində onun da rolu az olmayıb. Odur ki, E.Makronun bu destruktiv rolu Azərbaycan tərəfini məlum proseslərin sonrakı mərhələlərində Fransanın hər hansı bir şəkildə iştirakını yenidən qiymətləndirməyə və müvafiq nəticələr çıxarmağa vadar edir.

Post-müharibə dövründə tərəflər arasında münasibətlərin normallaşdırılması kimi mürəkkəb bir prosesdə vasitəçi tərəfin obyektiv və ədalətli mövqeyi həlledici rol oynayır və hadisələrin müsbət məcraya yönəlməsinə yardım etməlidir. İndiki halda isə vasitəçi tərəfin açıq-aşkar tərəflərdən birinin haqsız mövqeyini dəstəkləmək cəhdləri üzə çıxır və belə olan halda münasibətlərin normallaşdırılmasına ciddi ziyan vurulur. Fransanın timsalında baş verən qərəzli və birtərəfli vasitəçilik cəhdlərində bu gün biz məhz belə bir vəziyyətin şahidi oluruq.

– Ağrılı və kənar müdaxilələrlə dolaşdırılan sülh danışıqlarının sonrakı inkişafını necə görürsünüz?

– Ermənistanın indiki halda dalana dirənmiş işğalçılıq siyasətindən məqbul çıxış yolu tapmaq üçün, həmişə olduğu kimi, xarici qüvvələrin dəstəyinə arxalanması və bununla da bölgədə müxtəlif maraqları olan dövlətlərin əlində alətə çevrilməsi, bütövlükdə, Cənubi Qafqaz regionunun xarici müdaxiləyə müqavimətini azaldır. Bu isə ərazidə növbəti qeyri-sabitlik yaradır. Ermənistan heç vaxt özü öz taleyinin sahibi olmayıb və təəssüf ki, bu gün də belədir. Ermənistanın bu və ya digər güclərin vassalı və ya forpostu rolunda çıxış etməsi, ilk növbədə, Azərbaycanın və Gürcüstanın təhlükəsizliyinə ciddi təhdidlər yaradır.

Proseslərin bugünkü mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və Sülh müqaviləsinin imzalanması, bütövlükdə, regionun xarici təsirlərdən asılılığını azalda bilər, hər üç ölkənin dinc və əmin-amanlıq şəraitində inkişaf etdirilməsinə böyük töhfə verə bilərdi. Belə bir regional təhlükəsizliyin zəmanəti Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş 3+3 formatında əməkdaşlıq ola bilərdi.

Təəssüf ki, Ermənistan dolaşdırılmış milli maraqlarına zidd olaraq bütün mümkün əməkdaşlıq variantlarından boyun qaçırır, gah Fransanın, gah ABŞ-ın, gah da İranın bölgədə dominantlıq cəhdlərinin baş tutmasına şərait yaradır. Bu isə bölgədə daimi gərginlik deməkdir. Konkret olaraq,  Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına gəldikdə isə yaxın günlərdə baş tutacaq Soçi görüşü Praqa görüşündən sonra bölgədə baş verən hadisələrin aydınlaşdırılmasına kömək edə bilər. Düşünürəm ki, həmin görüşdə Ermənistana Qafqaz regionunda “qırmızı xətləri” keçməsi ilə bağlı xəbərdarlıq olunacaq. İstənilən halda Ermənistan üçün vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqla region dövlətləri ilə səmimi əməkdaşlıqdan ibarətdir. Bütün digər yollar Ermənistanı sonu görünməyən uçuruma aparır.

– Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilməsinə baxmayaraq, Fransanın ardıcıl olaraq ermənipərəst addımlar atması, Prezident Emmanuel Makronun Ermənistanın haqsız mövqeyini dəstəkləyən açıqlamaları, haqlı olaraq, Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub.

– Bəli, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması danılmaz faktdır və bunu həm Avropa, həm də ABŞ etiraf edir. Amma bu fakt bizi ermənipərəst mövqeyi ilə seçilən bir sıra Avropa ölkələrinin, xüsusilə, Fransanın Azərbaycan əleyhinə fəaliyyət göstərməsindən sığortalamır. Prezident E. Makronun timsalında Fransa Respublikasının Cənubi Qafqaz ölkələri ilə bağlı mövqeyi ədalətli olmadığı üçün, təbii olaraq, ölkəmizdə ciddi müqavimətlə və haqlı qınaqla üzləşir.

Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması Fransanı və bölgədə marağı olan digər güc mərkəzlərini əvvəllər mövcud olmuş münaqişədən sui-istifadə etməklə bölgəyə müdaxilə etmək imkanından məhrum edir. Sonuncu Praqa görüşündə Aİ-nin adı altında Fransanın monitorinq qrupunun əraziyə gətirilməsi kimi absurd ideyanın Prezident İlham Əliyev tərəfindən rədd edilməsi isə görünür, Makronu qisasa həvəsləndirib. Fransa parlamentində Azərbaycana qarşı qətnamə qəbul etmək çağırışı da bununla izah olunmalıdır.

Belə ermənipərəst addımların ölkəmiz üçün heç bir nəticəsi olmasa da, Fransa parlamentariləri öz ölkələrinin Azərbaycandakı maraqlarını qorumaq naminə belə bir qətnamənin müzakirəyə çıxarılmasına razılıq verməməlidirlər. Bütün hallarda Azərbaycan Fransa üçün Ermənistandan qat-qat önəmli bir ölkədir.

Təcavüzkar, işğalçı siyasəti ilə dalana dirənmiş Ermənistanın düşdüyü ağır vəziyyətdən istifadə edərək onun əli Azərbaycana təsir və təzyiq göstərmək sivil siyasət adına yazıla bilməz. Fransanın Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqdan əl çəkməsi isə bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırmasına xidmət edər, qarşılıqlı-faydalı əməkdaşlığa yeni meydan açardı.

Gununsesi.info