İrəvanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, o, ermənistanlı həmkarı Suren Papikyanla müxtəlif diapazonlu hava hücumundan müdafiə raketlərinin və digər hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.
Lekornu bildirib ki, Fransadan alınan hərbi texnikanın birinci hissəsi Ermənistana gəlib. “Bunlar gecəgörmə cihazlarıdır, dünən axşam saatlarında gətirilib. “Bastion” zirehli texnikası da gələcək”, – deyə o qeyd edib.
Fransa müdafiə naziri rəhbəri qeyd edib ki, Paris tezliklə Ermənistana “Mistral” sistemini təklif edəcək.
Qeyd edək ki, “Mistal” sistemi qısa mənzilli raket qurğularıdır.
Bu gün İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.
Ermənistanda rəsmi səfərdə olan Lekornu Ermənistanın Müdafiə Nazirliyinin binasında təntənəli şəkildə qəbul olunub.
Daha sonra danışıqlar olub, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı yeni sənədlər paketi imzalanıb.
Paris və İrəvan imzalanmış sənədlər barədə heç bir rəsmi məlumat yaymayıblar.
Fransa Ermənistana zirehli texnikalar, hava hücumundan müdafiə və reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, ilkin radiolokasiya xəbəretməsi və radiolokasiya müşahidəsi sistemləri verəcək.
Bununla yanaşı, fransalı hərbi təlimatçılar Ermənistan ordusunda xüsusi təyinatlı və dağ-atıcı birliklərin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə məşğul olacaqlar.
Gununsesi.info