Fransa hökuməti “Qarabağ”la bağlı qərarını AÇIQLADI

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.

Gununsesi.info-nun məlumatına görə, Fransa hökuməti Liqa1 təmsilçisinin müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə baş tutmasına icazə verib.

Məsələ burasındadır ki, Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlər Fransada qəbul olunmur. Lakin idmandan məsul nazir nümayəndəsi Roksana Marasinyanu bildirib ki, Rusiya və Çin peyvəndi vurulan idmançılar ölkə ərazisinə daxil ola bilərlər.

Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər. Bu isə o deməkdir ki, “Marsel” – “Qarabağ” matçının “Velodrom” stadionunda keçirilməsinə heç bir maneə qalmayıb.

Qeyd edək ki, Fransadakı görüş fevralın 17-də baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

Gununsesi.info