Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

bəşər əsəd

Fransa məhkəməsi 2013-cü ildə kimyəvi hücumda ittiham olunan Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.

Gununsesi.info bildirir ki, bu barədə Fransanın AFP agentliyinə məhkəmə sistemindəki mənbələr məlumat verib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hərbi cinayətlərdə iştirakda da şübhəli bilinir.

Suriya liderinin faktiki olaraq Suriyanın elit hərbi birləşməsinə rəhbərlik edən qardaşı Maher Əsəd və silahlı qüvvələrin iki generalı üçün də beynəlxalq həbs qərarı verilib.

İstintaq Suriya Media və İfadə Azadlığı Mərkəzi (SCM), Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (OSJI) və Suriya Arxivinin açdığı iddiadan sonra başlayıb.

Xatırladaq ki, ötən ilin yanvarında Almaniya məhkəməsi keçmiş suriyalı polkovniki insanlığa qarşı cinayət törətdiyinə görə ömürlük həbs cəzasına məhkum etmişdi.

Bundan əlavə, bu ilin yanvarında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) 2018-ci ildə Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücuma görə Suriya Hərbi Hava Qüvvələrinin məsuliyyət daşıdığını müəyyən edib.

Gununsesi.info