
Fransa müxalifətinin lideri və Fransa Kommunist Partiyasının (FKP) baş katibi Fabien Russel Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə edilmədiyini deyib və prezident Rəcəb Tayyib Ərdoğanın sülh sammiti çağırışını gündəmə gətirib.
Gununsesi.info xəbər verir ki, Fransa parlamenti Ukraynadakı vəziyyəti və fevralın 16-da Fransa ilə Ukrayna arasında imzalanmış təhlükəsizlik sazişini müzakirə edib.
Plenar iclasda çıxış edən deputat Russel bildirib ki, insanlıq naminə Rusiya-Ukrayna müharibəsi bitməli və atəşkəs üçün mümkün olan hər şey edilməlidir.
Siyasətçi iddia edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar nəhayət baş tutacaq: “O zaman gəlin bir dəqiqə belə boş yerə sərf etməyək, çünki hər saat, hər gün, hər həftə çoxlu ölüm və dağıntı gətirir”.
Bu müharibədə atəşkəsə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə edilmədiyini qeyd edən Russel Rəcəb Tayyib Ərdoğanın martın 8-də Dolmabaxça ofisində Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında verdiyi açıqlamaya işarə edib.
O xatırladıb ki, cümə günü prezident Ərdoğan Türkiyənin Rusiya-Ukrayna sammitinə ev sahibliyi etməyə hazır olduğunu deyib. Rusiya atəşkəsə hazır olduğunu bildirib.
Fransalı deputat vurğulayıb ki, Ukraynaya dəstək “qırmızı xətləri” keçmədən həyata keçirilməlidir ki, onun ölkəsi Rusiya ilə müharibəyə girməsin.
Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi qüvvələrin göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlamaları ictimaiyyəti şoka salıb. Russel Fransanın Ukrayna ilə imzaladığı təhlükəsizlik müqaviləsinin müharibəni sakitləşdirməyəcəyi fikrini bildirib.
O, Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasının əleyhinə olduğunu da vurğulayıb.
Gununsesi.info