Azərbaycanın 44 Günlük Qarabağ müharibəsindən sonra yaratmış olduğu yeni siyasi reallıq ABŞ, Rusiya və digər ölkələr tərəfindən qəbul edilib.
Bir zamanlar Azərbaycanı təslimçi sülhə vadar edən bu ölkələr indi bu siyasətindən əl çəkərək, sadəcə Qarabağdakı erməni əhaliyə mümkün güzəştlər etməyimizi xahiş edir.
Ancaq bu prosesdə mövqeyini dəyişməyən yeganə ölkə Fransadır.
Fransadan danışarkən, buradakı erməni lobbisinin rolu xüsusi qabardılır.
Nəzərə alaq ki, ABŞ- da da güclü erməni lobbisi var. Amma diqqət yetirəndə, Fransanın Qarabağdakı separatçı rejimi hətta Ermənistan rəhbərliyindən daha çox müdafiə etdiyi görünür.
Fransa Qarabağ probleminə və ümumiyyətlə, Güney Qafqaz məsələsinə iki aspektdən yanaşır: Bunlardan biri erməni diasporunun Fransa xarici siyasətinə ciddi təsirləri altında formalaşan və konkret olaraq Qarabağ probleminin Azərbaycanın xeyrinə başa çatmasını əngəlləyən variantdır.
İkincisi isə, Fransanın özünün obyektiv siyasi maraqları ilə bağlıdır. Qarabağ probleminin həlli, əlbəttə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və bunu şübhəsiz, franszılar da anlayırlar. Amma prosesi mümkün qədər uzatmaq istəyirlər. Bu, artıq Fransanın özünün obyektiv maraqları adlandırdığımız faktorla, Türkiyə ilə bağlıdır.
Əgər Qarabağ problemi həll edilib qurtarsa, regionda öz imkanlarına görə və qonşularla müqayisədə güclü bir Azərbaycan dövləti faktı yaranmış olur. Bu isə Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi deməkdir ki, fransızlar bundan qətiyyən məmnun deyillər.
Faktiki olaraq belə situasiya yaranır ki, Güney Qafqazda sülhün, ordakı dövlətlərin təbii maraqları və haqları əsasında yaranacaq sülhün əldə edilməsində fransızlar destruktiv rol oynayan tərəfə çevriliblər. Hətta o qədər destruktiv ki, bu məsələdə onlar ruslarla faktiki olaraq eyni mövqedədirlər. Situasiya belə yaranıb. Diqqət edirsizsə, Fransa Azərbaycana, əsasən seçkili hakimiyyət orqanları, parlament və bələdiyyələr xətti ilə təzyiqlər göstərir və Paris bələdiyyə başqanının birdən – birə TIR karvanının qarşısındakı dəvə kimi peyda olması da təsadüfi deyil.
Erməni diasporu ilə Ermənistan hökumətinin Qafqaz, Ermənistanın siyasi faktor olaraq, regionda rolu məsələlərinə münasibətdə baxışları heç də həmişə uyğun gəlmir. Diaspora daha radikaldır.
Fransızlar Qarabağ probleminin onların iradəsindən asılı olmayaraq həllindən sonrakı mərhələ üçün sifət saxlamağa çalışırlar bununla. Amma nə qədər ki, problem həll edilməyib, fransızlar bu prosedə neqativ rol oynamaqda davam edəcəklər. Bunu nəzərə almaq lazımdır.
Yəni, Fransaya Qarabağ məsələsindəki mövqeyini yumşaltmaq niyyətilə kommersiya xarakterli jestlərin heç bir əhəmiyyəti olmayacaq. Mən dövlətlərarası və ya Fransanın böyük şirkətlərinə edilən böyük biznes layihələrini nəzərdə tuturam və bunların xarici siyasətdə hər hansı təsirinin olacağını güman etmirəm. Əlbəttə, Amerikada da erməni lobbisi var, kifayət qədər güclüdür. Amma ABŞ-da erməni lobbisinin imkanları Fransadakı qədər geniş deyil. ABŞ-ın Yaxın Şərq və Türkiyə ilə münasibətlərindəki geosiyasi maraqları erməni lobbisindən daha çox yəhudi lobbisinin təsirinə məruz qala bilər.
Fransada isə bir qədər fərqlidir. Erməni lobbisinin, yaxud, diasporun fəaliyyəti bütün sferalarda yayğındır, üstəlik, onlar Fransanın yaralı yeri olan Türkiyə məsələsində də oynamağı bacarırlar. Fransa və Azərbaycan arasında münasibətlərin Qarabağ böhranından sonrakı mərhələsi üçün strateji proqramlar işlənməlidir, bu mərhələdə kimlərisə tumarlamağın, kimlərəsə hansısa jestlər etməyin heç bir faydası olmayacaq.
Yəni, Azərbaycanın bir dövlət olaraq Qərblə münasibətlərini yalnız Qarabağ böhranı tənzimləmir, bu böhrandan sonrakı mümkün rəqabət istiqamətlərini indidən müəyyən etmək gərəkdir.
Fransanı da həmin mərhələdə gözardı etmək böyük səhv olardı. Çünki, Fransa Avropanın lokomotiv ölkələrindən biridir. Avropa iqtisadiyyatında nəhəng payı, AB-nin xarici siyasətində ciddi təsirləri, həlledici təsirləri ilə ilk yerdə dayanan ölkələrdən biridir.
Pərviz Həşimli
Gununsesi.info