Fransa nəşriyyatı “Fələstində etnik təmizləmə” kitabını satışdan çıxardı

  • By admin
  • 14 Dekabr 2023 09:45

Fransanın “Fayard” nəşriyyatının israilli tarixçi professor İlan Pappenin “Fələstində etnik təmizləmə” kitabını satışdan çıxardığı bildirilib.

Gununsesi.info xəbər verir ki, “Actualitte” onlayn ədəbiyyat jurnalının məlumatına görə, Fransanın “Fayard” nəşriyyatı noyabrın 7-dən etibarən israilli tarixçi Pappenin 1948-ci ildə İsrailin qurulması ilə Fələstin xalqının etnik təmizləməyə məruz qalmasından bəhs edən kitabının satışını dayandırıb.

Fransız nəşriyyatı “Actualitte” jurnalının kitabın satışını geri götürmək tələbi ilə bağlı verdiyi açıqlamada müəlliflə kitab müqaviləsinin 27 fevral 2022-ci ildə bitdiyini, buna görə də noyabrda kitabı tirajdan çıxarmaq qərarına gəldiyini bildirib.

Digər tərəfdən, İsrailin Qəzzaya hücumları ilə dünyanın gündəmində olan Fələstin məsələsi ilə bağlı yazılan kitabın, xüsusən də satışlarının artdığı bir vaxtda satışdan çıxarılması ədəbi dairələr tərəfindən qəribə qarşılanıb.

Nəşriyyat kitabın satışının dayandırılmasına səbəb kimi müqavilə müddətinin başa çatmasını göstərsə də, 22 ay sonra bu qərarın niyə qəbul edildiyi maraq doğurub.

Bundan əlavə, kitabın satışının dayandırılması noyabr ayında Fayardın ana şirkəti Hachette Livre-i ifrat sağçı fransız milyarder Vincent Bollore tərəfindən satın alındıqdan sonra baş verdi.

Fransada kitab satışı ilə məşğul olan statistik saytın məlumatına görə, bu il satılan 307 nüsxə kitabın 203-ü İsrailin Qəzzaya hücumlarının başlamasından sonra alıcı tapıb.

Gununsesi.info