Paris Hollandiya hökumətinin başçısı Mark Ruttenin NATO-nun növbəti baş katibi seçilməsini dəstəkləyir.
Gununsesi.info xəbər verir ki, bunu Fransanın baş naziri Qabriel Attal Hollandiyaya səfəri zamanı bildirib.
Fransanın baş naziri hollandiyalı həmkarı Rutte ilə birgə mətbuat konfransı keçirib. “Əlbəttə, biz onun təcrübəsini, çox geniş koalisiya yaratmaq bacarığını və kollektiv təhlükəsizliyimiz üçün fəaliyyət göstərmək bacarığını nəzərə alaraq, Mark Ruttenin NATO-ya namizədliyini dəstəkləyirik”, – deyə Attal bildirib.
Rutte özü NATO mövzusunu şərh edərək, ABŞ-da keçirilən prezident seçkilərini xatırladıb və onların nəticələrindən asılı olmayaraq, dövlətlərin Alyansın etibarlı tərəfdaşları və üzvləri olaraq qalacağına əminliyini bildirib.
57 yaşlı Mark Rutte NATO-nun baş katibi postuna Yens Stoltenberqi əvəz etməyə əsas namizəddir. O, indi yeni hökumət qurulana qədər Hollandiyanın baş naziri vəzifəsini icra edir.
NATO-ya on il rəhbərlik etmiş Norveçin keçmiş baş naziri Stoltenberqin varisinin alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitindən əvvəl açıqlanacağı gözlənilir.
Bundan əvvəl ABŞ, Böyük Britaniya və Almaniya Rutteni dəstəklədiklərini açıq şəkildə bəyan etmişdilər. Amma yekun qərar NATO-ya üzv olan bütün ölkələrin razılığı ilə verilməlidir.
Gununsesi.info