Fransa Qarabağdan Ermənistana gedən erməni əhalisi üçün əlavə 15 milyon avro yardım edəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, yardım Ermənistan Qızıl Xaç Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumları və qeyri-hökumət təşkilatlarının işinə dəstək olacaq. Qeyd olunub ki, bu yardımla Fransanın 2023-cü ildə Ermənistana yardımı 27,5 milyon avroya yüksəlib.
Qeyd edək ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana və ya başqa ölkəyə köçmək qərarının Azərbaycana heç bir aidiyyəti olmadığını və Azərbaycanın bərabər hüquqlu vətəndaşlar kimi erməniləri ölkəyə qaytarmaqda qərarlı olduğunu bəyan etmişdi.
Azərbaycan ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başlayıb. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub.
Bölgədə işğalçı rejim quran qondarma erməni administrasiyası özünü ləğv etdiyini açıqlayıb.
Azərbaycan rəsmiləri dövlətin erməni əhalisini ölkəyə reinteqrasiya etmək məqsədi daşıdığını və arzu edənlərin vətəndaşlığı qəbul etməklə Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilə biləcəyini bəyan ediblər.
Gununsesi.info