Fransa səfiri Azərbaycan və Ermənistan münasibətlərinin gələcəyindən yazdı

  • By admin
  • 25 Aprel 2022 13:26

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Ermənistan münasibətlərinin gələcəyinə dair məqalə yazıb.

Gununsesi.info həmin yazını təqdim edir:

Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real ehtimalı vardır.
Bu, hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib. Onlar arasında əsas prinsiplərlə bağlı məktub mübadiləsi aparılıb. Rəsmi təmaslar baş tutub. Vətəndaş cəmiyyətinin nümayəndələri də bir sıra görüşlər keçiriblər. Bu proses bizə təmkinlə nikbin olmağa imkan verir.
Bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yaxındır. Buna nail olmaq çətin olacaq. Maneələr olacaq. “Rəsmi Bakı” kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir. Ermənistan rəsmiləri də onların ən ümdə maraqlarının, o cümlədən Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının nəzərə alınmasından heç də az narahat deyillər.
Hər iki tərəfdən sülhün əleyhdarlarının olacağına şübhə yoxdur. Prosesə xələl gətirə biləcək insidentlər də ola bilər. Anlaşılmazlıqlar inamsızlığı artıra və əldə olunmuş nailiyyətləri təhlükə altında qoya bilər.
Buna görə də Azərbaycan və Ermənistandakı bütün xoşməramlı insanların sülh prosesini dəstəkləməsi vacibdir.
Vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Ziyalılar, mütəfəkkirlər, rəssamlar, müəlliflər, aktyorlar, iş adamları, sadə vətəndaşlar sülh naminə çıxış edərək prosesi gücləndirə bilərlər. Sülhün əldə olunmasında qadınların xüsusilə mühüm və beynəlxalq səviyyədə tanınmış rolu var.
Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir və sülhün bərqərar olması prosesini müşayiət etməyə hazırdır.

Zakari Qros Fransanın Azərbaycandakı səfiri

Gununsesi.info