Fransa Senatının adı dəyişdirilərək Fransanın erməni diasporu senatı adlandırılsın

  • By admin
  • 16 Noyabr 2022 14:19

Məlum olduğu kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Gununsesi.info xəbər verir ki, Fransa parlamentinin yuxarı palatası növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz addım atıb.

Sözügedən sənəd Azərbaycanda ciddi narazılığa səbəb olub və artıq Azərbaycan XİN Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamənin sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirdiyini açıqlayıb.

Qərarı ölkədə fəaliyyət göstərən müxtəlif ictimaiyyət nümayəndələri şərh ediblər. Hüquqşünas Ələsgər Məmmədli onu qərəzli adlandırıb: “Gündəmin əsas mövzusu Fransa Senatının qərəzli, heç bir əsası olmayan Azərbaycan əleyhinə qərarıdır. Bu qərar Fransanın əslində çox marginal davrandığını, gedərək özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atdığının sübutudur”.

O əlavə edib ki, Azərbaycan xarici siyasətində bundan sonra Fransanın istədiyi və haqq etdiyi yerə uyğun misilləmə aparılmalıdır: “Bir şeyi dərk etmək zəruridir. Ağzınızla quş tutsanız yenə Fransa gerçəkləri yox, erməni yalanlarını görəcək, boşuna zaman itirməyə dəyməz”.

Hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da məlum qətnaməyə kəskin reaksiya verib: “Biabırçı anti-Azərbaycan qətnaməsindən sonra Fransa Senatının adı dəyişdirilərək Fransanın erməni diasporu senatı adlandırılsın. Necə deyərlər, “pulların qoxusu olmur” görünür, bəyanatın lehinə səs verən senatorların hər biri bu tezisi rəhbər tutub”.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır: “Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər. Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə”. Əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər. Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək. Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar”.

Millət vəkili, politoloq Rasim Musabəyov “Fransa – erməni himayədarı” yazısında Fransanın vasitəçiliyini “saxta” adlandırıb: “Senat, Fransa Milli Məclisinin yuxarı palatası məzmunca anlaşılmaz, həqiqi vəziyyəti əks etdirməyən və hüquqi nəticələri olmayan anti-Azərbaycan qətnaməsi qəbul edib. Çox güman ki, bu, rəsmi Bakıya Ermənistanın xeyrinə təzyiq formasıdır. Parisdə tam əmin oldular ki, Ermənistan-Azərbaycan nizamlanmasında Fransanın vasitəçiliyi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə rədd edilib və onlar açıq şəkildə Ermənistanın himayədarı kimi çıxış etmək qərarına gəldilər. Bu siyasəti rasional adlandırmaq çətindir, çünki bu, ermənilərə, çətin ki, fayda gətirsin, amma Paris Azərbaycanda hörmət və rəğbət qalıqlarını uzunmüddətlik itirəcək. Bundan sonra Bakıda fransız siyasətçiləri və diplomatlarının fikirlərini, çətin ki, dinləmək istəyərlər, amma çox güman ki, onlarla danışmağı tamamilə dayandıracaqlar”

Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, Vətən müharibəsindəki Zəfərdən sonra bir sıra paytaxtlarda Azərbaycana qarşı təhdidlərin sayı artmaqdadır. Onun sözlərinə görə, Senatı əleyhimizə qətnamə qəbul edən Fransa savaş zamanı da ikili standartlardan çıxış edərək işğalçı Ermənistanı dəstəkləyir və əslində o zaman da beynəlxalq hüquq prinsiplərinə məhəl qoymurdu: “Parisdəki qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb. Bu, özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. 2021-ci ildə Azərbaycanla Fransa arasındakı ticarət dövriyyəsi 245 milyon 463 min dollar olub. Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. Bu ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyəmiz olub.

Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlar ilə əməkdaşlığın genişləndirilməsi priorietdir. Ancaq Fransa Senatının qəbul etdiyi son qətnamə Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Qafqazın ən güclü ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlər ilə Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Ümid edək ki, bu gün aqressivləşən bir sıra paytaxtlar bunu daha qısa zamanda anlayacaqlar”.

Qeyd edək ki, sözügedən qətnamədə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edilib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. 15 noyabr 2022-ci il tarixində qəbul edilmiş sözügedən qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey, Elian Asasidir. Onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.

Xatırladaq ki, 2020-ci ilin noyabrında da Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər səs vermişdi.

Gununsesi.info