Fransa vasitəçi rolunda çıxış edə bilməz – Asim Mollazadə

  • By admin
  • 03 İyun 2021 16:45

“Fransa açıq şəkildə bəyan etdi ki, Ermənistanın tərəfdaşıdır. Ermənistanı dəstəklədiyini nümayiş etdirdi. Parisin bu mövqeyi həm ölkə Prezidenti, həm də parlamenti səviyyəsində dəfələrlə ifadə olunub. Məhz buna görə Fransa vasitəçi rolunda çıxış edə bilməz”.

Gununsesi.info xəbər verir ki, bunuPublika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Fransa bu cür bəyanatları ilə ATƏT-in Minsk qrupundakı fəaliyyətinə də xitam verdi:

“Azərbaycan Fransanın bu cür hərəkətlərini qəbul edə bilməz. Rəsmi Bakı Parisin bitərəf olmadığını xüsusi vurğulayaraq, Fransanın Minsk qrupunun tərkibindən çıxmasını tələb etməlidir. Bu barədə Azərbaycan parlamentində də müzakirələr və tələblər olub. Fransa öz siyasətini çox səhv istiqamətdə – anti-türk, anti-İslam istiqamətində davam etdirərsə, bu ölkə çox ciddi problemlərlə üzləşəcək.

Fransanın daxilində hazırda artan anti-semitizm, rasizm, anti-islamizm bu ölkə üçün çox ciddi problemlər yaradır. Bu da yanlış siyasətin nəticəsidir. Fransanın Ermənistanla bağlı atdığı addımlar, İrəvanı dəstəkləməsi də çox ciddi səhvlərdir. Bakı Parislə münasibətlərini ciddi şəkildə qiymətləndirməlidir”.

Gununsesi.info