Fransa xəstəxanaları mümkün müharibəyə hazırlanır

  • Müəllif: Şəbnəm
  • 02 Sentyabr 2025 14:59

Fransa hökuməti ölkə üzrə səhiyyə müəssisələrinə 2026-cı ilin martına qədər genişmiqyaslı hərbi əməliyyat ssenarisinə hazırlaşmaq göstərişi verib.

Bu barədə Gununsesi.info “Le Figaro”-ya istinadən xəbər verir.

Bildirilib ki, plan çərçivəsində 10-180 gün ərzində, xüsusən 60 günlük müddətdə hər gün 100-250 nəfər olmaqla ümumilikdə 10-50 min yaralı əsgərin qəbuluna hazırlıq görülür. Mülki xəstəxanalar ordunun tibbi xidmətini dəstəkləyəcək və yaralı hərbçilərə yardım göstərəcək.

Yaralıların hava, qatar və tibbi avtobuslarla daşınması, həmçinin dəmiryolu stansiyaları və hava limanlarında tibbi tranzit mərkəzlərinin yaradılması nəzərdə tutulub. Həkimlər müharibə şəraitində travmatologiya və psixoloji reabilitasiya üzrə təlimlərə cəlb olunacaq.

Səhiyyə naziri Ketrin Vautrin bildirib ki, bu addımlar panik qərar deyil, dövlətin fövqəladə hallara və mümkün müharibə ssenarilərinə hazır olması üçün atılır.

Qəzet xatırladır ki, Fransa hərbçiləri NATO ilə Rusiya arasında mümkün münaqişə ssenarisi çərçivəsində Rumıniya-Ukrayna sərhədində ərazilərin üçölçülü xəritəsini də hazırlayıb.

 

 

Şəbnəm

Gununsesi.info