
Fransa parlamentində uzun müddətdir razılaşdırıla bilməyən və sonda ifrat sağçıların səsləri ilə təsdiqlənən mühacirlərə qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan hökumətin immiqrasiya qanununa cəmiyyətin bütün təbəqələrindən reaksiyalar davam edir.
Gununsesi.info bildirir ki, Fransanın “L’Humanite” qəzetinin xəbərinə görə, bir çox vətəndaş cəmiyyəti qrupları, o cümlədən solçu siyasi partiyalar prezident Emmanuel Makrona göndərdikləri məktubda immiqrasiya qanununa qarşı çıxdı.
Məktubda Makrona “Respublika dəyərlərinə böyük hücum” olan immiqrasiya qanununun “ölkəni parçalayacağı” xəbərdarlığı edilib. Bundan əlavə, məktubda bütün təşkilatlardan və respublika birləşmələrindən onilliklərin “ən reqressiv” addımı sayılan immiqrasiya qanununa qarşı tədbir görülməsi istənilib.
Ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan CGT-nin prezidenti Sofi Binet qanuna qarşı “vətəndaş itaətsizliyinə” çağırıb və böyük nümayişlər təşkil edəcəklərini açıqlayıb.
Fransanın RMC telekanalına danışan Binet prezident Makronun təxminən 5 illik prezidentlik müddətini “siyasi və mənəvi çöküş” adlandırıb. Binet önümüzdəki həftələrdə “ölkənin hər yerində” qanuna qarşı etirazların olacağını açıqlayıb.
Ölkədə fəaliyyət göstərən 20-yə yaxın universitetin rektorları da mübahisəli immiqrasiya qanununun Senat və Milli Assambleyada səsvermədən əvvəl birgə bəyanat yayaraq, qanunun “Fransa universitetlərinin əsasını qoyduğu dəyərlərə hücum olduğunu” bildiriblər.
Gununsesi.info