Fransada siyasi partiyalar arasında parlament seçkiləri uğrunda mübarizə davam edir

  • By admin
  • 12 May 2022 17:46

Fransada prezident seçkilərindən sonra parlament seçkilərinə ciddi hazırlıq gedir. Parlamentdə hər bir yer uğrunda gərgin mübarizə başlayıb. Parlament seçkilərinin vacibliyini nəzərə alaraq bir çox siyasi partiyalar birləşiblər.

Gununsesi.info xəbər verir ki, Fransanın yeni Prezidentinin artıq iki həftədən çoxdur seçilməsinə baxmayaraq, Baş nazir Jan Kasteksin rəhbərlik etdiyi hökumət hələ də yenidən formalaşdırılmayıb. Fransa Prezidentinin yeni hökumətlə bağlı təyinatının gecikməsi E.Makronun parlament seçkilərinə rəhbərlik edə biləcək nümayəndə axtarması ilə əlaqələndirilir.

Marin Lö Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyası artıq Milli Assambleyaya 569 namizədinin adını açıqlayıb ki, onlardan 500-nün namizədliyi artıq rəsmiləşib. Onların arasında “Milli Birlik” partiyasının rəhbəri Marin Lö Pen və onun bacısı Mari-Karolin Lö Penin də adı var.

Yeni yaranmış “Birgə” (Ensemble) partiyası 502 namizədin adını açıqlayıb. İqtidar partiyasının parlament seçkilərinə namizədlərinin adının açıqlanması çoxsaylı təəccüblər doğurub. Belə ki, hələ bir neçə gün əvvəl bəzi siyasətçilər iqtidar partiyasının adından namizəd olacaqlarını bildirsələr də, onların adlarının siyahıda olmaması təəccüb yaradıb. Adları siyahıda olmayan bəzi namizədlər bunu araşdıraraq, bir neçə günə açıqlama verəcəklərini bildiriblər.

Solçu partiyaların birləşərək yaratdığı “Yeni Xalq, Ekoloji və Sosial Birlik (NUPES)” alyansı hələ namizədlərini açıqlamayıb. Jan-Lük Melanşonun Baş nazir olacağı iddiası NUPES-ə qarşı tənqidləri artırıb.

Xatırladaq ki, deputat olmaq arzusu ilə yaşayanlar mayın 15-dək Fransa parlament seçkilərinə namizədliklərini irəli sürməlidirlər. Fransa Milli Assambleyasında 577 deputat yeri üçün namizədlər iyun ayının 12-də birinci turda və 19-da isə ikinci turda mübarizə aparacaqlar.

Gununsesi.info