Fransadan Azərbaycana JEST

  • By admin
  • 11 Dekabr 2021 12:46

Parisin Moskvadakı elçisi Polad Bülbüloğlu ilə görüşə təşrif buyurub; politoloq: “Bülbüloğlu sıradan səfir deyil, Fransa Azərbaycan Prezidentinə mesaj göndərə bilər…”

Dekabrın 8-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransanın Rusiyadakı səfiri Pyer Levini onun xahişi ilə qəbul edib. 

Gununsesi.info “Yeni Müsavat”a və  səfirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə 10 noyabr 2020 və 11 yanvar 2021-ci bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət əsnasında 26 noyabr 2021-ci il tarixində Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri də müzakirə olunub. Fransız səfir post-münaqişə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb.

HTML tutorial

P.Bülbüloğlu Prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh prosesinə hazır olduğunu bildirərək, bu kontekstdə sözügedən bəyanatların bəndlərinin Azərbaycan tərəfindən yerinə yetirilməsi məqsədi ilə praktiki addımların atıldığına baxmayaraq, Ermənistan tərəfindən bu öhdəliklərin hələ də icra olunmadığını vurğulayıb. Ermənistanı mövcud reallıqla barışmalı olduğunu və tezliklə regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyini önə çəkən səfir, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupun keçirildiyi görüşləri qeyd edərək bu xüsusda, bölgədə nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasının buradakı ölkələr üçün yeni imkanlar yaradacağına, əməkdaşlıq və sülhə xidmət edəcəyinə əminliyini ifadə edib.

P.Bülbüloğlu dövlət sərhədinin delimitasiyası ilə bağlı müvafiq təmasların baş tutduğunu diqqətə çatdıraraq, ikitərəfli komissiyanın tezliklə yaradılmasının zəruriliyini qeyd edib və bu prosesin başlamasının Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli addım olacağını önə çəkib.

Fransa səfirinin bu təşəbbüsü, sözsüz ki, təsadüfi deyil. Brüssel görüşü ərəfəsində fransalı diplomtın təşrif buyurması maraq doğurur. Rəsmi Paris açıq şəkildə ermənipərəst mövqe sərgiləməklə həmsədr olaraq balansı çoxdan pozub, lakin Levinin Bülbüloğlu ilə görüşməsi suallar yaratmaya bilməz. Üstəlik, niyə məhz Rusiyadakı səfir? Bu görüşü Fransadan Azərbaycana jest saymaq olarmı? Paris “valı” dəyişir yoxsa?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Fransa son zamanlar Azərbaycan istiqamətində bəzi jestlər etməyə başlayıb. Onun sözlərinə görə, Paris müharibə dövründə və sonra açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirirdi və bu da Azərbaycan-Fransa münasibətlərinə ciddi zərər vurdu: “Görünür, Makronun məsləhətçiləri izah ediblər ki, Azərbaycanı itirmək olmaz. Vaxtaşırı yenə xəbərlər alırıq ki, Qarabağ separatçıları Fransaya səfər edirlər, amma ümumi fonda əvvəlki münasibət yoxdur”.

Elxan Şahinoğlu

Görüşə gəlincə, E.Şahinoğlunun fikrincə, Polad Bülbüloğlu sıradan səfir deyil və Azərbaycan hakimiyyətinə kifayət qədər yaxın simadır, Qarabağ məsələsini də içindən bilən adamdır: “Fransada güman edə bilərlər ki, onunla görüş nəticəsində Azərbaycan Prezidentinə mesajlar göndəriləcək. Polad Bülbüloğlunun nüfuzunu nəzərə alaraq bu addımı atmaları mümkündür. Görürlər ki, Azərbaycan Minsk Qrupunda maraqlı deyil, ”status”u müzakirə etmir, o baxımdan səfir vasitəsi ilə Bakıya hansısa ismarışlar verilə bilər. Hər halda Polad Bülbüloğlunun da bu məsələdə fikrini öyrənmək istəyiblər, çünki hakimiyyətə yaxın şəxsdir. Amma az təsadüf edilən haldır ki, sənin bu ölkədə səfirin ola-ola başqa ölkədə səfirlər görüşsünlər. Adətən belə görüşlər də şam süfrəsində olur, Rusiyada isə səfirlər rəsmi şəkildə müzakirə aparıblar”.

Yada salaq ki, ötən ilin oktyabrında P.Bülbüloğlu 50 siyasi partiyanın imzaladığı bəyanatı fransız səfirə təqdim etmişdi. O zaman Levin özü bizim səfirdən onu qəbul etməsini istəmişdi. Belə bir bəyanatın qəbul edilməsi onu göstərirdi ki, müxalifət daxil olmaqla Azərbaycanın bütün siyasi qüvvələri birləşib Fransa Prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.

Lakin istər müharibə, istər postmüharibə dönəmində Fransa özünü pis apardı. İndinin özündə də Qarabağ separatçılarının Fransada görüşlər keçirməsi, ayrı-ayrı merlərlə müzakirələr aparması, bu ölkənin Ermənistandakı səfirinin tez-tez “status”u gündəmə gətirməsi göz qabağındadır. Rəsmi Paris özünü Paşinyandan betər erməni kimi göstərir.

Gununsesi.info