Fransanın AFP xəbər agentliyi: “Türkiyə ABŞ-ı aşağıladı” – FOTO

İsrail Qəzzaya hücumları davam edərkən, ABŞ dövlət katibi Antoni Blinkenin diplomatik səfərləri dünya mətbuatında yaxından izlənilir.

Gununsesi.info xəbər verir ki, bu gün Türkiyəyə gələn ABŞ-ın dövlət katibi xarici işlər naziri Hakan Fidanla görüşüb.

Fransanın AFP xəbər agentliyi İraq, Fələstinə və İsrailə ardıcıl səfərlər edən Blinkenin Türkiyə səfəri ilə bağlı təhlil dərc edib.

“Blinken Ankarada Türkiyənin qəzəbini soyutmağa çalışır” başlıqlı təhlildə ABŞ dövlət katibinin bazar ertəsi Türkiyədə çətin görüşlər keçirəcəyi qeyd edilib.

Ankaranı Vaşinqtonun ən strateji, lakin çətin müttəfiqlərindən biri kimi xarakterizə edən AFP yazıb ki, Antoni Blinken Qəzzada axan qanla bağlı Türkiyənin qəzəbini sakitləşdirməyi hədəfləyir.

ABŞ dövlət katibinin oktyabrın 7-dən bəri ilk dəfə Ankaraya səfər etdiyini vurğulayan AFP, Türkiyədə həm İsrailə, həm də Qərbə qarşı qəzəbin küçələrə sıçradığını şərh edib.

Agentlik həftə sonu Adanada İncirlik bazası qarşısında keçirilən etiraz aksiyasını xatırladaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi proqramına istinad edib. AFP-nin məlumatına görə, Blinkenlə görüşü olmayan Ərdoğan, ABŞ-ın baş diplomatına hörmətsizliklə bazar ertəsi Türkiyənin ucqar şimal-şərqinə getməyi planlaşdırır.

Gununsesi.info