Fransanın İrəvandakı səfiri Azərbaycanı ittiham edir - YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

  • By admin
  • 27 Mart 2024 12:12

“Dağlıq Qarabağ ermənilərinin beynəlxalq məhkəmədə tanınan geri qayıtmaq hüququ pozulur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi özünün X səhifəsində yazıb.

“Hazırda Stepanakertə (Xankəndi) gedən yol bağlıdır. Doqquz aylıq mühasirə və Azərbaycanın amansız hücumundan sonra Dağlıq Qarabağın 100 min ermənisi öz evlərini tərk etmək məcburiyyətində qalıb. Onların Beynəlxalq Ədalət Məhkəməsində tanınan geri qayıtmaq hüququ bu gün pozulur”, – səfir bildirib.

Milli Məclisin YAP-dan olan deputatı İlham Məmmədov isə Gununsesi.info-ya açıqlamasında səfirin dediklərinin yeni bir açıqlama olmadığını deyib: “Azərbaycana qarşı hücum artıq Fransanın dövlət siyasətidir. Ona görə də səfirin dedikləri bizi təəccübləndirmir. Ermənilərin Qarabağdan çıxmasını əks etdirən görüntülər var. Bütün dünya mediasında bunlar yayılıb. Xankəndini tərk edən ermənilər, könüllü getdiklərini bəyan edib. Azərbaycandan onları heç kəs zorla çıxarmayıb”. 

İlham Məmmədovun sözlərinə görə, Fransa Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı deyil: “Fransa Ermənistana açıq hərbi yardım edir və bunu gizlətmir. Hərbi yardım alan Ermənistan hökuməti isə sülhə maraqlı ola bilməz”. 

 

İlhamə

Gununsesi.info