
Yelisey sarayı Elizabet Bornenin istefasından sonra yanvarın 9-u səhər saatlarında Fransanın yeni baş nazirinin adını açıqlamağı planlaşdırır.
Gununsesi.info bildirir ki, bu barədə AFP-yə Fransa prezidenti Emmanuel Makrona yaxın mənbələrdən məlumat verilib.
AFP mənbələrinin bildirdiyinə görə, Makron bu gun hökumətdə təhsil naziri vəzifəsində çalışmış Qabriel Attalın yeni baş nazir təyin olunduğunu elan etməyi planlaşdırır.
34 yaşlı Attal hazırkı Fransa prezidentinin komandasında yüksələn ulduz hesab olunur. Yaşına baxmayaraq, o, artıq Fransa hökumətinin spikeri vəzifəsində çalışıb və Büdcə Nazirliyinə rəhbərlik edib. Attal hazırkı vəzifəsinə iyul ayında hökumətdəki kiçik dəyişikliklərin bir hissəsi kimi təyin edilib.
“Le Figaro”nun sifarişi ilə keçirilən son sorğuda fransızların üçdə biri Qabriel Attalın baş nazir postuna hazırkı Fransa rəsmiləri arasında ən yaxşı namizəd olduğuna inanıb.
Xəbər verdiyimiz kimi, Elizabet Born istefa ərizəsini bazar ertəsi, yanvarın 8-də Yelisey Sarayına təqdim edib. Baş nazirlə yanaşı, bütün Fransa hökuməti istefaya gedir, lakin yenisi təyin olunana qədər onlar öz vəzifələrini yerinə yetirməyə davam edirlər.
Fransa hökuməti başçısının istefası ilə bağlı söz-söhbətlər son günlər Makronun islahatlarından əhalinin narazılığı fonunda mütəmadi olaraq yerli mediada yer alır.
62 yaşlı Elizabet Born 2022-ci ilin mayında prezidentin seçkilərdəki qələbəsindən sonra Fransa hökumətinin başçısı vəzifəsinə təyin edilib və ölkə tarixində bu vəzifəni tutan ikinci qadın olub.
Gununsesi.info