Fuad Ağayev: “Hazırda Azərbaycanın nəzarətində olmayan ərazidə tədricən ölkəmizin suverenliyi bərpa olunmalıdır”

  • By admin
  • 22 Noyabr 2022 13:24
Qondarma “DQR”-nın “TŞ”-nın katibi Balasanyan  “Artsax ordusu” nun buraxılmayacağını bəyan edib.
Tanınmış hüquqşünas Fuad Ağayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu bəyanatda məqsəd  Azərbaycanı səhv hərəkətlərə sövq etməkdir: “Elələri var təklif edirlər və edəcəklər ki, Xankəndinə daxil olaq və Zəngəzuru da alaq. Bu fikirdə olan səmimi insanları başa düşürəm, ancaq başqa bir kateqoriyanın məqsədləri də başqadır. Düşünülməmiş addımların atılması ona gətirib çıxara bilər ki, bu məsələ ifrat dərəcədə beynəlmiləşər və nəticə etibarı ilə döyüş meydanındakı uğurların əhəmiyyətini azaldar”.
Fuad Ağayevin fikrincə,  beynəlxalq təcrübədə sülhməramlıların fəaliyyət göstərdikləri ərazidə onun aid olduğu dövlətin qanunları işləməlidir: “Bunu deyə bilərikmi? Nəzarətimizdə olmayan ərazidə geydirmə respublika, geydirmə prezident, geydirmə parlament və s. var. Üstəlik Rusiya Ordusunun xeyir-duası ilə geydirmə “Artsax Ordusu” da var.
Nə edək? Elə 2 il əvvəl verdiyim təklifin üzərində dayanıram: Hazırda Azərbaycanın nəzarətində olmayan ərazidə tədricən ölkəmizin suverenliyi bərpa olunmalıdır. Bununla bağlı müvafiq normativ-hüquq aktı (qanun, fərman) qəbul edilməli, onun (onların) əsasında Ermənistanla sərhəd məntəqələrində Azərbaycanın dövlət sərhəd və gömrük xidmətləri fəaliyyətə başlamalı, sərhədə ciddi videonəzarətin olması, həmin ərazidə əhalinin siyahıya alınması həyata keçirilməli, əcnəbilər viza əsasında daxil olmalı, özgə dövlətlərin vətəndaşları Vardanyan daxil olmaqla deportasiya edilməli, Rusiya Ordusunun üzərinə üçtərəfli bəyanatdakı vəzifəni icra edərək konkret müddətdə erməni yaraqlılarını tərk-silah etmək və ölkədən çıxarmaq tapşırılmalıdır”.
Mais 
Gununsesi.info