Fuad Qəhrəmanlı ona elan olunan itihamla razılaşmayıb

  • By admin
  • 11 Avqust 2016 14:05

fuad

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Quliyev ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadələrdən imtina edib. Bildirib ki, Nardaranda məlum hadisə baş verən evin sahibi onun qohumudur və həmin evdə olan yaşlı qadına dərman verməyə gedəndə onu tutublar.

Prokuror Ramin Nağdəliyev ondan ifadəsini oxuyub-oxumadığını, təşkilatla əlaqəsinin olub-olmadığını, Taleh Bağırovu tanıyıb-tanımadığını soruşub. Təqsirləndirilən şəxs Taleh Bağırovu tanıdığını, lakin təşkilatla əlaqəsinin olmadığını deyib.

Təqsirləndirilən İbrahim Xudaverdiyev də ibtidai istintaqa ifadələrindən imtina edib. Prokurorun suallarına cavab olaraq bildirib ki, həmin evə oğlunun dalınca gedib.

İclasda ifadə verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da ittihamlarla razılaşmayıb.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

 

Gununsesi.info-