
Bolqarıstanda ölkə futbol federasiyasının rəhbərliyinə etiraz olaraq minlərlə azarkeşin iştirak etdiyi nümayiş zorakılığa çevrilib, onlarla insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin Bolqarıstan – Macarıstan matçının başlamasına bir neçə dəqiqə qalmış Sofiyada azarkeşlər polisə əl istehsalı bomba, daş və plastik butulkalar atmağa başlayıblar. Zibil qutuları yandırıldıqdan sonra polis su şırnaqlarından istifadə edib.
Həkimlərin bildirdiyinə görə, 20-dən çox futbol azarkeşi və 5 polis yaralanıb. Daha 4 azarkeş ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polis 40-a yaxın şəxsi saxlayıb, həmçinin külli miqdarda pirotexniki vasitələr, alovlu silahlar, metal borular və kütləvi toplaşmalar üçün qadağan olunmuş digər əşyalar götürüb.
Milli komandanın nəticələrindən çoxdan narazı qalan azarkeşləri qəzəbləndirən son damla federasiyanın cümə axşamı günü paytaxtdakı milli stadionda boş tribunalar önündə oyunu keçirmək qərarı olub.
Azarkeşlər birliyin bu addımının “görünməmiş” olduğunu söyləyib, çünki futbol tarixində bir futbol idarəedici orqanının könüllü olaraq matçın azarkeşsiz keçirilməsini tələb etdiyi başqa bir hadisə olmayıb.
Bu qərar macar azarkeşlərin də qəzəbinə səbəb olub, onlar stadiona buraxılıb-almamasından asılı olmayaraq Bolqarıstana biletlə getməyə qərar verib, bolqar azarkeşlərin etirazına qoşulub.
Ötən gün bildirilmişdi ki, Kosovo və İsrail yığmaları arasında Priştinada keçiriləcək oyun ərəfəsində insidentlərdən ehtiyatlanan Kosovo polisi təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib.
Bundan əvvəl Belçika federal prokurorluğu Brüsseldə iki isveçli futbol azarkeşinin ölümü ilə nəticələnən terror aktında əli ola biləcək 44 yaşlı tunislinin həbs edildiyini açıqlamışdı.
Gununsesi.info