Paytaxtın yol nəqliyyat infrasturkturunun təkmilləşdirilməsi, sərnişin daşınma xidmətinin daha müasir tələblər səviyyəsində qurulması, eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz gediş-gəlişinin təşkili məqsədilə ölkə başçısının tapşırığına əsasən lazımi tədbirlər davam etdirilir. Görülən işlərə baxmayaraq, paytaxtın bir sıra yerlərində, xüsusən də “Sovetski” adlanan ərazidəki küçə və prospektlərdə yol hərəkətinin təşkilində müəyyən çatışmazlıqlar var.
Gununsesi.info-nun məlumatına görə, yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu layihəsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli AZƏRTAC-a eksklüziv müsahibə verib və həmin müsahibəni təqdim edirik.
-“Sovetski” adlanan ərazidə təməli qoyulan yeni yol-nəqliyyat infrastrukturu ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hansı işlər görüləcək?
– Görüləcək işlərlə bağlı məlumat verməzdən əvvəl bir məsələni xüsusi ilə vurğulamaq istərdim ki, “Sovetski” adlanan ərazidə ölkə başçısı tərəfindən avqustun 4-də təməli qoyulan yeni yol-nəqliyyat infrastrukturu paytaxtımızın müasir tarixində mühüm bir addımdır. Uzun illər şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, heç bir yenidənqurma işlərinin aparılmadığı bir ərazidə bu cür böyük bir layihənin icrasına başlamaq paytaxt sakinləri tərəfindən də yüksək dəyərləndirilir. Çünki “Sovetski” adlanan ərazinin boşaldılması, burada yeni yol-nəqliyyat infrastrukturunun salınması üçün hazır vəziyyətə gətirilməsi elə də asan məsələ deyildi. Və ən önəmlisi isə bu, Prezident İlham Əliyevin paytaxtımızın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına verdiyi çox böyük və əvəzsiz bir töhfədir.
Onu da vurğulamaq lazımdır ki, ölkə başçısının xüsusi tapşırığına əsasən, yeni salınacaq bu yol da daxil olmaqla artıq paytaxtın inzibati ərazisində inşa edilən bütün avtomagistrallar, nəqliyyat qovşaqları və şəhər daxili yollar salınarkən ilk olaraq onunla bağlı dəqiq hesablamalar aparılır. Layihənin elmi əsaslandırılması hazırlanır. Yollarda nəqliyyat axınının həcmi, yolda təhlükəsizliyin təmini, yolun rahatlığı və digər vacib məqamlar mütləq qaydada nəzərə alınır. Paytaxtın yol-nəqliyyat infrastrukturundakı bütün çatışmazlıqların əsas səbəbi bu günə qədər əsaslandırılmış elmi təhlillərin aparılmaması idi.
Nəriman Nərimanov prospektində hər iki istiqamət üzrə bir hərəkət zolağının yerləşməsi və yolun yararsız vəziyyətdə olması, Nəriman Nərimanov heykəli ətrafında yerləşən geriyə dönmənin yoxuşda yerləşməsinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusən qış vaxtlarında çətinlik yaratması, “Statistika” və “Sovetski” ərazisindəki dairələrin ölçüsünün kiçik olması, Abdulla Şaiq küçəsinin texniki vəziyyətinin yararsız və hərəkət hissəsinin ensiz olması və bir sıra digər problemlər yol nəqliyyat hadisələrinin baş verməsinə, nəqliyyatda ləngimələrin yaranmasına səbəb olur və yol hərəkətinin səmərəli və təhlükəsiz şəkildə təşkil edilməsinə imkan vermirdi.
Mövcud vəziyyət ərazidən keçən sərnişin avtobusları üçün də müəyyən çətinliklər yaradırdı. Eyni zamanda, qeyd edilən ərazidəki küçələr boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlıq olurdu. Bu sıxlıq isə ləngimələrə, sərnişinlərin mənzil başına gec çatmalarına, sərnişin avtobuslarının nizamlı və qrafiklə təyin olunmuş hərəkət intervalına mənfi təsir göstərirdi. Bütün bu hallar isə öz növbəsində ümumilikdə sərnişindaşıma xidmətinin keyfiyyətinin və səmərəliliyinin azalmasına səbəb olurdu.
Nəqliyyat vasitələrinin say göstəricilərinin statistikasına nəzər salsaq görərik ki, Cəfər Cabbarlı küçəsindən cənub istiqamətində gündəlik orta hesabla 27 min 672, o cümlədən pik saatlarda isə 4 min 520 təşkil edir. Müvafiq olaraq, Zivərbəy Əhmədbəyov küçəsindən şimal istiqamətində gündəlik orta hesabla 32 min 155, o cümlədən pik saatlarda 5 min 940, Şıxəli Qurbanov küçəsindən cənub istiqamətində 36 min 331 (pik saatlarda 6 min 266), şimal istiqamətində 34 min 65 (pik saatlarda 5 min 982), Azərbaycan prospektindən şimal istiqamətində 32 min 248 (pik saatlarda 6 min 256), Nəriman Nərimanov prospektindən cənub istiqamətində 15 min 754 (pik saatlarda 2 min 866), şimal istiqamətində 14 min 778 (pik saatlarda 2 min 808) avtonəqliyyat vasitəsi təşkil edir. Həmçinin İnşaatçılar prospektindən (Əbdülrəhim bəy Haqverdiyev küçəsi-Statistika dairəsi) şimal istiqamətində 33 min 915 (pik saatlarda 4 min 959), İnşaatçılar prospektindən (Statistika dairəsi-Əbdülrəhim bəy Haqverdiyev küçəsi) cənub istiqamətində 26 min 887 (pik saatlarda 4 min 815), İnşaatçılar prospektindən (Statistika dairəsi-Abbasqulu ağa Bakıxanov küçəsi) şimal istiqamətində 40 min 522 (pik saatlarda 6 min 750), İnşaatçılar prospektindən (Abbasqulu ağa Bakıxanov küçəsi-Statistika dairəsi) cənub istiqamətində 27 min 418 (pik saatlarda 4 min 630), Məhəmməd Füzuli küçəsindən qərb istiqamətində 33 min 20 (pik saatlarda 6 min 74), Şəmsi Bədəlbəyli küçəsindən şərq istiqamətində 35 min 244 (pik saatlarda 6 min 318) avtonəqliyyat vasitəsi təşkil edir.
“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma və abadlaşdırılma işlərinə gəlincə bildirmək istərdim ki, layihə çərçivəsində Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev küçələrinin əsaslı təmiri və “Füzuli” meydanı ilə Nəriman Nərimanov prospektini birləşdirən yeni yolun salınması nəzərdə tutulur. Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib. Görülən işlər bu ərazidə nəqliyyatın sıxlığının aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir. Gələcəkdə nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yeni salınacaq yolda birtərəfli hərəkətin təşkili həyata keçiriləcək. Bundan əlavə, “Statistika” dairəsində yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə İnşaatçılar prospektindən hərəkətin ancaq sağa təşkil edilərək nəqliyyat vasitələrinin Nəriman Nərimanov prospekti ilə hərəkət etməklə Abdulla Şaiq küçəsi vasitəsilə dairəyə daxil olması təmin ediləcək.
Layihə çərçivəsində Azərbaycan prospektində İstiqlaliyyət küçəsi istiqamətində və Zivərbəy Əhmədbəyov küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağının, Mirzəağa Əliyev küçəsində yeraltı piyada keçidinin, nəqliyyat vasitələrinin hərəkətinin keçiriciliyinin təmin edilməsi məqsədi ilə, müvafiq ərazilərdə geriyədönmənin təşkili nəzərdə tutulur.
– Yeni yol-nəqliyyat infrastrukturu layihəsinin icrası yol hərəkətinin təşkili və müntəzəm sərnişindaşınmasına hansı təsirlər göstərəcək?
– Layihənin icrasından sonra biz bu ərazidə yeni, eyni zamanda, müasir şəhər infrastrukturuna tam uyğunlaşmış bir mənzərənin şahidi olacağıq və bunun da yol hərəkətinin təşkili və müntəzəm sərnişindaşınmasına bir sıra müsbət təsirləri olacaqdır. İlk növbədə, “Sovetski” adlanan ərazidə dairənin ləğv edilməsi planlaşdırılır. Bu bizə imkan verəcək ki, hərəkətin fasiləsizliyini təmin edib, Azərbaycan prospekti, Cəfər Cabbarlı, Şıxəli Qurbanov və Zivərbəy Əhmədbəyov küçələrində nəqliyyat sıxlığını aradan qaldıraq. Dairədə nəqliyyat vasitələrinin hərəkətində yaranmış konflikt nöqtələrinin aradan qaldırılması ilə yol nəqliyyat hadisələrinin azalmasına nail olacağıq. Azərbaycan prospektindən Zivərbəy Əhmədbəyov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün Heydər Əliyev Sarayının arxa hissəsində geriyə dönmənin təşkil edilməsi mümkün olacaq.
Bundan əlavə, “Statistika” dairəsini optimallaşdırmaqla, yəni dairənin genişləndirilməsi ilə nəqliyyat vasitələrinin buraxma qabiliyyətinin artırılmasına və sıxlığın aradan qaldırılmasına nail olacağıq. Həmçinin İnşaatçılar prospektindən dairəyə birbaşa girişi məhdudlaşdıraraq yol hərəkəti fasiləsizliyi və təhlükəsizliyi təmin ediləcək.
Balababa Məcidov, Abdulla Şaiq və Mirzəağa Əliyev küçələrinin əsaslı təmir olunması və yeni yolun salınması Nəriman Nərimanov, Tbilisi, İnşaatçılar prospektləri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov və Şixəli Qurbanov küçələrində nəqliyyat sıxlığının və tıxac hallarının azalmasına səbəb olacaq. Azərbaycan prospekti və Şixəli Qurbanov küçəsində avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağının təşkil edilməsi avtobusların hərəkətində ləngimələrin aradan qalxmasına, eyni zamanda, Zərgərpalan və paralel küçələrdə intensivliyin artmasına səbəb olacaq.
Ölkə başçısının tapşırığına əsasən, paytaxt Bakının yol infrastrukturunun daha da müasirləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması, yeni yol qovşaqlarının yaradılması ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Yeni infrastrukturla əlaqədar görüləcək işlər ilk növbədə, vətəndaşların sosial vəziyyətinin daha da yüksəldilməsi işinə xidmət edən layihələrdir. Beləliklə, “Sovetski” adlanan ərazidəki yeni yol-nəqliyyat infrastrukturunun istifadəyə verilməsi, həm avtomobillərin, həm də piyadaların hərəkətini rahat və təhlükəsiz edəcək.
Gununsesi.info