
Gədəbəy rayonunun Söyüdlü kəndində yaşanan olaylarla bağlı həbs edilən şəxslərin DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən çıxarılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verilməsi və onlardan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun və rayonun sabiq deputatı Nazim Bəydəmirlinin əleyhinə ifadə alınmasına dair sosial şəbəkələrdə məlumat yayılıb.
Bu iddialarla bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Gununsesi.info-ya açıqlama verib. Nazirliyin sözçüsü bildirib ki, bu barədə yazılanlar şəxsi mülahizələrdir:
“Həmin şəxslər DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir. Onların Daxili İşlər Nazirliyinin başqa bir qurumuna aparılması barədə iddialar yalandır”.
Elşad Hacıyev, həmçinin həmin şəxslərdən Saleh Rüstəmov və Nazim Bəydəmirlinin əleyhinə ifadə alınması barədə iddiaları da təkzib edib:
“Orada ictimai asayiş pozulmuşdu. Hal-hazırda ictimai asayiş bərpa olunub. Əhalini narahat edən problemlər isə baş nazir tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən araşdırılır”.
Şəbnəm
Gununsesi.info