
2016-ci il ölkəmizin maliyyə sektoru üçün çox ağır bir il oldu. Manat dəyərini kəski itirdi, bir tərəfdən problemli kreditlər, başqa tərəfdən əmanətlərin geri çəkilməsi bankların müflisləməsinə gətirib çıxardı. Bu səbəbdən bir ildə 10-dan çox bank bu sektoru tərk etməki oldu, bir xeyli şirkətlər fəaliyyətini dayandırdı. Artıq ili başa vurmağımıza sayılı günlər qalıb. Hər kəsi düşündürən məqam problemlərin 2017-ci ildə də davam edib-etməyəcəyidir.
Gələn il maliyyə sektorunu nələr gözləyir?
İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev Gununsesi.info-ya şərhində öz gözləntilərini açıqladı. Ekspertin sözlərinə görə, 2017-ci ildə də cari ilin maliyyə sektorunda baş verən proseslər davam edəcək: “Gələn il hökumətin qarşısında duran əsas problem inflyasiya olacaq. Bu inflyasıyaya təsir göstərən əsas amil milli valyutanın ucuzlaşmasıdır.
Bank sektorunda çalxalanma gələn il də davam edəcək. Xüsusilə, bankların bağlanma prosesinin bitdiyini söyləmək düzgün deyil. 2017-ci ildə də bu sektoru tərk edən banklar olacaq. Əhalinin bu bazara inamını, təəssüf ki, gələn il də bərpa etmək mümkün olmayacaq. O cümlədən əmanət və kredit qoyuluşları azalacaq. Sahibkarların kredit resurslarına əlçatanlığı 2016-ci ildəki kimi qalacaq. Bu isə bankların gəlirliliyini, mənfəətinin azaldacaq”.
S.Əliyevə görə, əgər hökumət dollarla olar kredit problemini həll etməsə, bazarı tərk edən bankların sayı çox ola bilər: “Təəssüf ki, indi görünən odur ki, belə bir ehtimal getdikcə azalır. Manatin məzənnəsinin aşağı düşməsi bankların vəziyyətini daha da gərginləşdirəcək. Çünki dollarlaşma səviyyəsi çox yüksəkdir. Əgər manatın kursu dollarla müqayisədə 2.20-2.50 manatı ötərsə, sözügedən sektorun vəziyyətini ağırlaşdıracaq”.
İqtisadçının sözlərinə görə, iqtisadiyyatda olan çətinliyi yalnız neftin qiymətinin 60-70 dollar\bareldən yuxarı olması minimuma endirə bilər: “Amma bununla bərabər paralel addımlar da atılmalıdır. Hökumət ciddi islahatlar aparmazsa, ölkə gələn il çətin dövrünü yaşayacaq. Həm özəl, həm də dövlət sektorunda işçilərin ixtisarları artacaq, bəzi dövlət qurumlarının birləşdirilməsi baş verəcək”.
S.Əliyevin gələn il üçün bir sıra sektorlarda qiymət artımını gözləyir: “Xüsusilə, nəqliyyat ximətlərinin və yanacağın qiyməti bahalaşa bilər. İnflyasiya səviyyəsinin yüksək olması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına mənfi təsir göstərəcək.
2016-ci ildə çox böyük gərginlik oldu. 2017-ci ilin birinci yarısında bu gərginlik nisbətən səngiyəcək, amma ilin ikinci yarısından sonra vəziyyət daha da pisləşəcək. Hökumət dollar kreditlərində müəyyən güzəştlər etsə, pensiya və maaşları artırsa, bu zərər müəyyən qədər azala bilər. Gələn il yarana biləcək ən böyük problemlərdən biri büdcədən verilən maaş və pensiyaların ləngidilməsi ola bilər”.
Vüsalə Rüstəmova
Gununsesi.info