2017-ci ili artıq başa vurmaq üzrəyik. Bu il ölkə iqtisadiyyatı nələrlə yadda qaldı? 2018-ci il bizi nələr gözləyir?
Cari ildə ən diqqət çəkən məqam manatın 2016-ci illə müqayisədə sabit qalması oldu. Bundan əlavə, 2017-ci ildə daha bir bank bazarı tərk etdi. Ümumi daxili məhsulda 0.2 faiz azalma müşahidə olundu, inflyasiya isə 13 faizin üzərinə qalxı. Bankların kredit qoyuluşlarının məhdudlaşdırılması, problemli kreditlərin isə artması maliyyə sektorunda yaranmış böhranın davam etdiyini göstərir.
İqtisadçı-ekspert Nemət Əliyev Gununsesi.info-ya 2017-ci ilin iqtisadi proseslərini dəyərləndirdi.
Ekspert deyir ki, 2017-ci ildə də 2014-ci ildən başlayan iqtisadi tənəzzülün durulması prosesi əldən qaçırıldı: “Azərbaycan iqtisadiyyatı ötən illə müqayisədə bir az da kiçilib, əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Bu il həm işsizliyin səviyyəsi böyüdü, həm də yoxsulluq səviyyəsi artdı. Bağlanan yerli və xarici müəssisələrin sayı çoxaldı, qoyulan investisiyaların həcmi azaldı”.
N.Əliyev sənaye istehsalının, xüsüsilə, emal sənayesinin azalmasından danışdı. İqtisadçı kənd təsərrüfatı sektorunda hökumətin rəqəmlərinin şişirdilməsi məsələsinə toxundu: “Dövlət Statistika Komitəsinin 10 aylıq məlumatına görə, ixrac dövriyyəsi 8 faiz, idxal dövriyyəsində isə 18 faiz azalma baş verdi. Bütövlükdə xarici ticarət dövriyyəsində 12 faiz azalma yaşandı.
Bundan əlavə, istehlak bazarının həcmi kiçildi. Bank sektorunu tənəzzülün yaxasından qurtarmaq mümkün olmadı. Bu yaxınlarda “Dəmirbank”ın bağlanması 2016-ci ildəki neqativ proseslərin bu gün də davam etməsini göstərir. Bankların əsas maliyyə alətlərindən biri kreditləşmədir. Bununla eyni zamanda, ölkə iqtisadiyyatı kapitalla təmin olunur. Təəssüf ki, banklar tərəfindən kredit qoyuluşlarının həcmi kəskin azalıb. Yatırılan depozitlərin 40 faizi istifadə olunmamış şəkildə qalıb. Bundan banklar da, iqtisadiyyat da zərər görür. Hökumət bununla bağlı narahat olmalı və ciddi tədbirlər görməlidir”.
İqtisadi əlavə edir ki, banklar öz funksiyalarını yerinə yetirə bilmirlər: “Qiyməli kağızar bazarı da önəmli maliyyə alətlərindən biridir. Təəssüf ki, hökumət bu sahəni inkişaf etditə bilmədi. Ötən illə müqayisədə bu il qiymətli kağızlar bazarında 23 faiz azalma yaşandı.
Ölkənin iqtisadiyyatında baş verən bu neqativ hallar əhalinin sosial yaşamında adekvat izlər buraxdı. Qiymətlər çox böyük sürətlə bahalaşdı. Əhalinin gəlirlərində, pensiya haqlarında cüzi artımlar müşahidə olundu. Amma sürətli bahalaşma həmin artımların təsirini heçə endirdi. Ümumilikdə, rəsmi olaraq 13.4 faiz bahalaşma qeydə alınıb. Əməkhaqları ilə müqayisədə əhalinin həyat səviyyəsi 7 faiz pisləşib”.
İqtisadçının 2018-ci illə bağlı proqnozları da nikbin deyil. Onun sözlərinə görə, 2018-ci ildə vəziyyət hökumətin yeritdiyi siyasətdən çox asılı olacaq: “Əgər neftin qiymətində artım olmasaydı, Azərbaycanda iqtisadi-sosial vəziyyət daha ağır olacaqdı. İndi gələn il üçün hökumət özünü bədbin proqnozlar üzərində kökləməlidir. Bir sıra beynəlxalq analitiklərin hesablamalarında neftin qiymətinin aşağı düşəcəyi deyilir. Əgər qiymətlərin aşağı düşməsi baş verəcəksə, 2017-ci ildəki neqativ tendensiyalar yenə davam edəcək”.
N.Əliyev bank sektorunda vəziyyətin bir qədər də aşağı enəcəyini düşünür: “Çünki bu sahəsə milyardlıq azalmalardan söhbət gedir. Əhalinin banklara inamı sürətlə itir və depozitlərini geri çəkir. Belə bir fonda hansı iqtisadi fəallıqdan danışmaq mümküdür?
Bu ilin 11 ayında neft hasilatında 2.3-2.4 milyon ton azalma baş verdi. Növbəti ildə hasilatın həcminin daha da aşağı düşəcəyini demək olar. Belə bir vəziyyətdə qiymətlər də azalarsa, hansı irəliləyişdən danışmaq olar? Hökumət qeyri-neft sektorunun inkişafındakı gərəkən başarılara yiyələnməyib. Real sektorun inkişafına yol açmaq lazımdır. Ölkədən qaçaq düşmüş xarici yatırımçıların qayıdışını təmin etmək lazımdır, biznes mühiti şəffaflaşdırılmalı, təzyiqlər azaldılmalı, ədalətli məhkəmə sistemi qurulmalıdır. Əks halda gələn il də tənəzzül prosesi davam edəcək”.
Vüsalə Rüstəmova
Gununsesi.info