2017-ci ilin dövlət büdcəsi bizə nə vəd edir?Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sözügedən mövzuda ekspert müzakirələri düzənlənmişdi.
Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən ADR Hərəkatının sədri Qubad İbadoğlu 2017-ci il də daxil olmaqla son 10 ilin büdcə göstəricilərinə nəzər yetirdi. Onun sözlərinə görə, dövlət büdcəsinin ən pik hədd 2013-cü ildə olub. Həmin vaxt büdcənin xərcləri 19.8 milyard manat, gəlirləri isə 19.1 milyard manata təşkil edib. 2014-cü ildən dövrdən etibarən azalmağa doğru gedən büdcə 2017-ci ildə 9 milyard dollar olmaqla son səkkiz ilin ən aşağı həddini görüb.
Qubad İbadoğlu bildirdi ki, 2010-2014-cü illərdə Dövlət Neft Fondundan transfertlər dövlət büdcəsinin yarıdan çoxusunu təşkil edib: “Ən yüksək transfert 2011-ci ildə olub. 2014-cü ilə azalma tendensiyası müsbət bir addımdır. Əks halda, büdcənin neft gəlirlərindən asılı olması fəsadlar yaradır”.
İnvestisiya xərclərinə gəlincə, iqtisadçı bildirdi ki, 2008-2017-ci illər arasında büdcədən ümumilikdə 34 milyard manat ayrılıb: “Bu o deməkdir k, büdcə xərclərinin hər 4 manatından 1 manatı təmir-tikinti xərclərinə gedib. Əslində, bu qədər investisiya büdcə gəlirlərinin formalaşmasında rol oynamalı idi. Çünki iqtisadiyyata kapital qoyularkən əlavə dəyər yaradır və bu büdcədə özünü göstərir. Amma bu vəsait qeyri-kommersiya sahələrinə, gəlir gətirməyən sektora qoyulduğundan bu gün büdcə gəlirlərində də görünmür”.
2017-ci ilə gəlincə, dövlət büdcəsinin gəlirləri 15 955 000,0 min manat, xərcləri 16 600 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində proqnozlaşdırılıb. Bu gəlirlərin 45 faizi Vergilər Nazirliyi, 38 faizi Dövlət Neft Fondu, 14 faizi Dövlət Gömrük Komitəsi hesabına formalaşması gözlənilir.
İqtisadçl dedi ki, 2006-2015-ci illər üzrə büdcənin hər 100 manatından 33 manat 70 qəpiyi tikintiyə, 8 manat 91 qəpiyi təhsilə, 8 manat 40 qəpiyi sosial müdafiə, 7 manat 63 qəpiyi Dövlət İdarəetmə aparatının saxlanmasına, 3 manat 55 qəpiyi səhiyyəyə xərclənib”.
“2017-ci ildə büdcə gəlirlərinin hər 100 manatından 50 manatı neft, 50 manatı isə qeyri-neft sektoru hesabına formalaşır”-deyən iqtisadçı vurğuladı ki, gələn ilin büdcə xərclərində dövlət borclarının qaytarılması ümumilikdə 10 faizə çatıb ki, bu da kifayət qədər böyük bir rəqəmdir.
İqtisadçı bildirdi ki, 2017-ci ilin büdcəsinin əsas mesajları bundan ibarətdir:
– İqtisadiyyatda böyük özəlləşdirmə gözlənilmir.Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar ötən illə müqayisədəcəmisi 1 milyon manat artıq proznozlaşdırılıb.
– Ödənişli təhsil haqlarının artımı gözlənilir. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 305 milyon manatdan 353 manata qədər artırılıb.
– Regionlara dotasiyalar azaldılır. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 10 dəfədən çox, 774,9 milyon manatdan 68,5 milyon manata qədər aşağı salınıb.
Daha sonra Hərəkat adından hökumətə təkliflər səsləndi. Təkliflər aşağıdakılardan ibarətdir:
- Büdcə Məcəlləsi qəbul edilsin;
- Dövlət büdcəsinin ayıq icası hesabatları açıqlansın, rüblük hesabat məlumatları genişləndirilsin;
- Dövlət büdcəsinin xərclərinin proqramlar üzrə təsnifatı aparılsın; Dövlət büdcəsinin xərclərinin inzibati təsnifatı üzrə icrası hesabatı hazırlansın;
- Dövlət büdcəsinin cari xərcləri (müdafiə olunan xərclər istisna olmaqla) azaldılsın, o sıradan idarəetmə xərcləri məhdudlaşdırılsın;
- Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərə yenidən baxılsın;
- Tənzimləyici normativlərin hazırkı dövrün tələbləri nəzərə alınmaqla yenidən işlənilsin;
- Dövlət büdcəsinin icrası ilə bağlı hesabatlara büdcə gəlirlərinin maddələr səviyyəsində və gəlirlərin icrasının təmin edən qurumlar üzrə icra göstəricilərinin, həmçinin dövlət büdcəsi xərclərinin icrası məbləğinin funksional təsnifatın paraqraflar səviyyəsində təqdim olunsun.
- Büdcədənkənar inkişaf fondları ilə bağlı “Büdcə sistemi haqqında” qanuna əlavələr edilsin və fondların əldə etdikləri gəlirlərin və onlardan istifadənin qanunvericilik əsasları yaradılsın;
- Dövlət qurumları tərkibində fəaliyyət göstərən büdcədənkənar inkişaf fondlarının rüblük və illik hesabatları, Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin fəaliyyət hesabatlarına daxil edilsin;
- Büdcədənkənar inkişaf fondları ilə bağlı Gömrük Komitəsi, Vergilər Nazirliyi, Dövlət Yol Polisinin vebsəhifələrində həmin fondlara dair hesabatlarının yerləşdirilsin.
Vüsalə Rüstəmova
Gununsesi.info