Gəlin, Aşıq Namiqə heykəl qoyaq, sonra da aşırdarıq…

  • By Admin2
  • 30 Sentyabr 2024 17:02

Paytaxt Bakımız daha gözəl, mötəbər bir hadisəyə şahidlik etdi. Yaxşı, yaxşı, həyəcanlanmayın, formula filan deyil.

Beləki, Aşıq Ələsgərin heykəli ucaldılıb. Pəəh. Nə gözəl, nə pakizə. Adına “sənətə, sənətçiyə” dəyər vermək də qoyaq, olsun lap əla. Xub. Bura qədər hər şey yaxşıdır.

Amma var bir əmma. Deməzsiniz nə? Hər şeyi də siz deyəsi deyilsiniz, qoy, onu da mən deyim.

Son illər Azərbaycanda məhz bu heykəltaraşlıq sahəsində məzəli vəziyyət yaranıb. Kimin heykəli hazırlanırsa, heykəl sahibinin özündən başqa hamıya oxşayır. Məsələn, Aşıq Ələsgərin heykəlinin də içinə Aşıq Namiq girib. Simaca oxşamasa da, mahiyyətcə eyniləşir. Belədirsə, onda aşıq Namiqə də heykəl qoyaq, amma bir şərtlə, sonra həmin heykəli əyləncə niyyətinə basıb salaq aşağı, guya protesto zad elədik. Namiqin də ürəyi partlasın, necə partladır ürəyimizi.

Bir məsələ də var, əgər Aşıq Ələsgərin heykəlinin bu cür hazırlanmasını Aşıq Namiq özünə hörmətsizlik qəbul edirsə, olsun, elə bu cür də qalsın.

Zarafat bir yana, heykələ baxırsan, elə bilirsən, bu dəqiqə oturduğun kafelərin birinə bir aşıq gəlib, bir-iki ağız oxuyub, 3-4 mənasız şeir deyib, beş-on manat da alıb gedəcək. Sənin də yeyib-içdiyin burnundan gələcək.

Yaxşı xatirimdədir, sənət və elm aşiqi azərbaycanlılar tərəfindən onsuz da “fındıqbaş” adı verilən böyük alim Lütfizadənin də heykəlini elə düzəltdilər, elə bil, paralic vurmuşdu. Özü də, deyəsən, bu işlə uşaq-muşaq məşğul olur, yox, o da deyil. Məsələn, Lütfizadənin də heykəlini Ömər Eldarov hazırlamışdı. Sağ olsun, sonra da xalqı danladı, dedi, nə demək istədiyimi başa düşmədilər. Açıqlama da verdi. Sən demə, elm dünyasında yenilik etdiyinə görə bu cür hazırlayıbmış.

Məncə, Lütfizadə heykəlini sağ olanda görsəydi, heç özü də başa düşməzdi. O da qala Ömər Eldarovun “başa düşmədilər” dediyi xalq başa düşsün.

Əlbəttə, incəsənətdə olan bütün yeniliklər haradasa məqbuldur, olar, başa düşürük. Amma yeniliyi də gərək əsaslı, maraqlı edəsən, axı. Onsuz da, sənəti bilən, başa düşən adamlar standart nələrsə istəmirlər, aşağı-yuxarı hər kəs maraqlı nümunə gözləyir. Amma vallah, heç kim Aşıq Ələsgərin Aşıq Namiqlə səsləşməsini də istəmir. Ara yerdə gündəmə Namiq gəlir, camaatla vuruşur.

Sözsüz, daha gecdir, beş-üç gün də bu hadisəni deyib-gülüb, müzakirə edərik gedər.

Bəs sonra? Sonra nə olacaq?

Məncə, oturaq, görək, növbəti dəfə kimin heykəli özündən başqa hamıya oxşayacaq?

Orxan Saffari

Gununsesi.info