
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.
Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksini tapıb. Hesabata ötən ilki hesabatın Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr barədə də ətraflı məlumat daxil edilmişdir.
Milli Məclisin 14 mart tarixli plenar iclasında təqdim olunan hesabatda deputatlar da çıxış edir.
Milli Məclisin üzvü Naqif Həmzəyev də çıxış edib.
O, eyni zamanda təklif də verib.
Gununsesi.info sözügedən çıxışı təqdim edir:
“Hörmətli xanım sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və deputatlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafını təmin etmək və əhalinin rifahını artırmaq məqsədilə bir sıra mühüm tədbirləri əhatə etmişdir. Hesabatda hökumətin müxtəlif sahələrdə həyata keçirdiyi işlər və əldə olunan nailiyyətlər öz əksini tapmışdır.
2024-cü ildə Nazirlər Kabineti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atmışdır. Xüsusilə kənd təsərrüfatı və sənaye sahələrində həyata keçirilən layihələr diqqətəlayiqdir. Eyni zamanda, enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı mühüm tədbirlər görülmüşdür.
Sosial sahədə isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə sistemlərinin inkişafı, eləcə də məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Hökumət, həmçinin əhalinin rifahını artırmaq üçün faydalı sosial proqramlar reallaşdırmışdır.
Nazirlər Kabinetinin fəaliyyəti həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarla yadda qalmışdır. Bu, ölkənin qlobal problemlərin həllində fəal iştirakını və beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirmişdir.
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramını həyata keçirir. Bu proqram çərçivəsində infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışı təmin edilir. Elektrik, su və qaz təchizatı sistemləri yenidən qurulur, yollar, körpülər və ictimai obyektlər tikilir. Eyni zamanda, bu ərazilərdə ekoloji tarazlığın bərpası və dayanıqlı inkişaf üçün tədbirlər görülür.
Gəncə şəhərində də abadlıq və quruculuq işləri aparılmışdır. Şəhərin tarixi və mədəni irsinin qorunması ilə yanaşı, müasir infrastruktur layihələri həyata keçirilmişdir. Gəncə şəhərindəki körpülərin, yolların bərpası, binaların dam örtüklərinin yenilənməsi, yeni parkların salınması və ictimai obyektlərin tikintisi şəhərin inkişafına mühüm töhfə verir. Bu işlər, həmçinin şəhərin turizm potensialını artırır və əhalinin həyat şəraitini yaxşılaşdırır. Tezliklə yeni iş yerlərinin yaradılacağınada ümid edirik.
Ümumilikdə 2024-cü il hökumətin sosial-iqtisadi inkişafı təmin etmək və əhalinin rifahını artırmaq istiqamətində uğurlu bir il olmuşdur.
Fürsətdən istifadə edərək faydalı olacağını hesab etdiyim bir məsələni də səsləndirmək istərdim.
Cənab Baş nazir!
Gəncə şəhərinin Şəmkir rayonu istiqamtində girişində böyük xəstəxana kompleksi tikilib və lazimi tibbi avadanlıqlarla təciz edilib. Amma hələ də həmin müəssisə istifadəyə verilməyib. Onsuz da, Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssiələrdə sıxlıqdır. Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətandaşlarımız da bu xəstəxanaların xidmətlərdən istifadə edirlər. Mən düşünürəm ki, qeyd etdiyim tbbi kompleksi istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmağınızı xahiş edirəm.
Qarşıdan gələn Novruz və Ramazan bayramlarınızı təbrik edirəm.
Hesabatı müsbət qiymətləndirirəm və səs verəcəm. Deputat həmkarlarımı da dəstəkləməyə çağırıram.
Hər birinizə uğurlar arzulayıram.”