Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib.
Gununsesi.info xəbər verir ki, Gəncə şəhəri Natəvan qəsəbəsi – Şəhər mərkəzi – Gülüstan qəsəbəsi marşrutu üzrə bu gündən 10 ədəd müasir avtobus xəttə buraxılıb.
Daşıyıcı şirkət tərəfindən ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.
58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro 6 standartlarına cavab verir.
Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 km təşkil edir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir.
Gununsesi.info