Gəncə şəhərində və Goranboy rayonunda ünvanlı sosial yardımın təyinatı ilə bağlı yubanmalar yarandığı deyilir.
Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən bölgənin sakinləri bir neçə aydan çoxdur ki, ünvanlı dövət sosial yardım üçün Dövlət Sosial Müdafiə Fondunun Gəncə vahid əlaqələndirmə mərkəzinə müraciət etsələr də, onlara nə müsbət cavab, nə də imtina cavabı veril: “Əlaqəndirmə mərkəzinə zəng vurub soruşanda deyirlər ki, VEMTAS sistemi işləmir deyə, müraciətlərə baxılması və cavabların verilməsi mümkün deyil. Bir aydan çoxdur ki, Gəncədən müraciət edən adamlar konkret cavab ala bilmir”.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Turana bildirib ki, “Ünvanlı yardım” elektron sisteminin yenidən qurulması ilə əlaqədar iyunun əvvəlindən ünvanlı yardım üçün müraciət prosedurunda “Digital Login”in tətbiqinə başlanıb: “Bu yeniliyin tətbiqindən sonra artıq vətəndaşların müraciət zamanı bəzi məlumatları “Ərizə-bəyannamə”də qeyd etməsinə ehtiyac qalmır və onların işini xeyli asanlaşdırır”.
R.Mehdilinin sözlərinə görə, vətəndaşın əmək haqqı, sosial ödəniş almaları, tələbə, işsiz, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması,
kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqaviləsinin olması,
3 yaşadək uşağa qulluq etməsi, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması barədə məlumatların “Ərizə-bəyannamə”də qeyd edilməsinə zərurət yaranmır: “Çünki bu məlumatlar e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemindən əldə edilir”.
O, qeyd edib ki, “Digital Login”in tətbiqindən sonra Vemtas sistemində təkmilləşdirmə işləri aparılır: “Proqramın işləməsində hər hansı bir problem yoxdur. Ünvanlı sosial yardım üçün müraciət etmiş vətəndaşlara müvafiq ardıcıllıqla sistem tərəfindən elektron qaydada təyinatlar aparılır”.
Afət
Gununsesi.info