Gəncədə təhlükəli avtokranın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

FHN xəbər verir ki, bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Totanlı küçəsində fəaliyyət göstərən “KS-3579” markalı avtokranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı avtokranın istismar müddətinin bitdiyi, texniki nəzarətin təşkili üzrə cavabdeh şəxsin təyin edilmədiyi və kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.