Gəncənin keçilməz küçə və prospektləri asfaltlanmağa başlayıb.
Qeyd edək ki, “Azərsu” tərəfindən su -kanalzasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində dağıdılmış Gəncə küçələri şəhərin görkəmini tamamilə dəyişmiş, sakinlər arasında narazılığa səbəb olmuşdu.
Demək olar ki, şəhərdə normal asfalt örütüyü olan yol qalmamışdı.
Yolların bir neçə ildir ki, təmirsiz qalmasına səbəb isə hökumətin büdcənin əsas maliyyəsini Qarabağa və işğaldan azad olunan digər rayonlara yönəltməsi idi.
Qeyd edək ki, problemlə bağlı Gəncədən seçilən deputat Naqif Həmzəyev də dəfərlərlə parlamentdə bu haqda danışıb, hökumətdən Gəncənin yolları üçün vəsait ayırmasını xahiş etmşdi.
Saytımıza açıqlamasında Naqif Həmzəyev deyib ki, artıq Gəncənin küçələrinin asfaltlanmasına başlanılıb: “Mən dəfələrlə hökumət üzvlərinin iştirak etdiyi parlament iclaslarında bu barədə danışmışdım. Artıq mənə Nazirlər Kabinetindən bildiriblər ki, işlər başlanılıb. Mən də Qurban bayramı günləri ərəfəsində Gəncədə idim və işlərə başlanılmasının şahidi oldum”.
Gəncə Şəhər icra hakimiyyəti başçısının müavini- Şəhər təsərrüfatı şöbəsinin müdiri Kamran Məhərrəmov isə Gununsesi.info-ya açıqlamasında cari ilin sonuna kimi bu prosesin başa çatacağını deyib: “Proses bir neçə mərhələdə həyata keçirilir. Artıq 20-yə yaxın küçə və prospektlərdə asfaltlanma işi həyata keçirilib. Proeses davam edəcək”.
Elmar Elnuroğlu
Gununsesi.info