
Əməkdar artist Nuriyyə Hüseynovanın qızı, istedadlı bəstəkar-ifaçı Çilənay Hüseynovaya kitab həsr olunub. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Səttar Qarağaclıdır.
Təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub. Tədbirə media nümayəndələri, şairlər, musiqiçilər dəvət olunub. “Səsin sehri” adlı kitabda Çilenay Hüsyenovanın yaradıcılığı, həyatı, habelə Səttar müəllimin şeirlərinə bəstələdiyi mahnılar haqqında söhbət açılıb.
Həmçinin, bir çox qələm sahibləri, incəsənət xadimləri də arzu və diləklərini qeyd ediblər. Çilənay xanım gənc olmasına baxmayaraq, yazar, publisist, AYB-nin üzvü Səttar Qarağaclı tərəfindən belə bir addımın atılmasına böyük məmnunluq duyduğunu, zəhmətinin əvəzsiz olduğunu qeyd edib.
“Əslində, bu kitabın ərsəyə gəlməsinə etiraz edirdim. Səttar müəllimə dedim ki, yaşım çox azdır, bəlkə bir neçə il sonra reallaşdıraq bu işi? Amma Səttar müəllim mənə dedi ki, sən layiqsən. İstəyirəm, sənin haqqında kitab ərsəyə gətirim. Mən Səttar müəllimə minnətdaram. Çox sevindim, qürur duydum. Mənim üçün tarixi bir gün idi. Kitabın həcmi böyükdür. Haqqımda hörmətli insanlar fikir bildiriblər, uşaqlığımdan bu günə qədər yaradıcılıq yolum, ailə həyatım əks olunub. Səttar müəllimə dərin təşəkkürümü bildirirəm.”
Qeyd edək ki, Çilənay Hüseynova Bülbül adına orta ixtisas məktəbinin fortepiano sinifini bitirib. Bakı Musiqi Akademiyasında bakalavr və magistr pillələrində təhsil alıb. Hazırda AMEA Memarlıq və İncəsənət institutunda elmi işçi kimi fəaliyyət göstərir. İki albomu, 50-dən çox bəstəsi var. Bir çox dövlət tədbirləri və xarici səfərlərdə Azərbaycan musiqisini təmsil edib.