Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsiylə bağlı sərəncamı Konstitusiya Məhkəməsindən müsbət rəy alıb. Sənədə əsasən, prezidentliyə namizədin 35 yaş həddinin aradan qaldırılması nəzərdə tutulub. Referendum Günü layihə səs çoxluği ilə seçicilərin müsbət rəyini qazanarsa, 18 yaşı olan bütün Azərbaycan vətəndaşları qarşıdan gələn Prezident Seçkilərində iştirak edə bilərlər.
Gununsesi.info gənc siyasi liderlərə “Seçkilərdə iştirak üçün yaş həddi aradan götürülür. Qarşıdan gələn Prezident Seçkilərində namizədliyinizi irəli sürərsinizmi?”-, sorğusuyla müraciət edib.
AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn sorğuya cavab olaraq bildirib ki, partiya Milli Şuranın üzvü olduğuna görə, bu haqda şəxsi fikir yürüdə bilməz: “Əgər prezident seçkilərində iştirak etmək qərarı verilərsə, bizm namizədimiz Milli Şuranın vahid namizəd kimi görəcəyi adam olacaq”-deyə, o, bildirib.
Yenicə yaradılan Ağ Partiyanın gənc sədri Tural Abbaslı isə qeyd edib ki, yaş həddi götürülməsəydi belə, yaşı 2018-ci ildə keçiriləcək seçkilərdə iştiraka imkan verir: “Namizədliyi vermək üçün burada daha vacibi bu prossesə hazır olub-olmamaqdlr. Bu hazırlıq istər namizədliyin irəli sürülməsi üçün lazım olan imzalardan tutmuş, Azərbaycanda 125 dairədə 5 mindən artıq məntəqədə müşahidəni təşkil etmək, təbliğat-təşviqat müddətində bütün Azərbaycanı əhatə edə bilmək və s. kimi sahələrdə özünü göstərməlidir. Biz AĞ Partiya olaraq, hələ yeni formalaşırıq və görüləsi işlərimiz çoxdur.Prezident seçkiləri baş tutanadək bu hazırlıqları bitirə bilsək, təbii ki, namizədliyimizi irəli sürəcəyik. Artlq siyasi arenada yeni adların,yeni simaların görünmə zamanıdır. Əks-təqdirdə siyasi sahədə heç bir uğurdan danışmaq mümkün olmayacaq”- deyə, o, bildirib.
Gənclərin Atlantik Müqaviləsi Assosiasiyanın rəhbəri Zaur Əkbər də öz növbəsində seçkilərdə iştirak etmək istəmədiyini deyib. O, bildirib ki, demokratiyanın olmadığı seçkilərə qatılmaq ağılsızlıqdır. “Bundan sonra hansısa seçkidə iştirakın heç bir məğzi yoxdur. Ölkədə seçki, fəaliyyət adına olan bütün İctimai-Siyasi İnstitutlar məhv edilib”-deyə,o, münasibətini bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info