Gəncləri müəyyən fitnə-fəsadlarla yoldan çıxaranlar var - DEPUTAT

  • By admin
  • 21 Dekabr 2016 18:20
semseddin
“Bəzi qüvvələr Azərbaycan gənclərini müəyyən fitnə-fəsadlarla yoldan çıxarmağa çalışırlar”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə hazırlanan “Fitnə” sənədli filminin təqdimatında çıxışı zamanı deyib.
DQİDK-nin, Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Fitnə” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən  YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib ki, bəzi qüvvələr Azərbaycan gənclərini müəyyən fitnə-fəsadlarla yoldan çıxarmağa çalışırlar, beyinlərini dəyişirlər və sonrakı peşmançılıq da fayda vermir: “Filmdə bir şox məqamlar yer alıb. İncəliyinə qədər açmaq lazımdır ki, həmin qüvvələr hansı vasitələrdən istifadə edərək insanların beynini dəyişirlər”.
Deputat bu baxımdan  “Fitnə” fliminin əhəmiyyətini qeyd edərək bildirib ki,  bu film bütün televiziya kanallarında, orta məktəblərdə göstərilməlidir. “Cihad, din adı ilə insanları ölümə aparırlar. Onlar geri qayıtdıqdan sonra onların cəmiyyətə adaptasiyası mümkün olmayacaq. Onlar istənilən vaxt terror da törədə bilərlər. Çünki onların psixologiyası yerində deyil”- deyə, millət vəkili vurğulayıb.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, islamdan əvvəl də radikalizm, terror mövcud olub: “Xristianlıqda da radikalizm, terror olub. İslam çox humanist dindir. Təəssüf ki, bu gün islamın adını terrorla bağlamağa çalışırlar. Bu gün dünyəvi dinlərin arasında islam yüksək inkişaf tempi nümayiş etdirir. Heasab edirəm ki, gənclərin radikallığa meyl etməsinin kökündə dini və ümumi savadsızlıq durur. Ona görə də maarifləndirmə lazımdır. Dini biliklərin, dinlərin tarixinin öyrənilməsinə orta məktəblərdən başlamaq lazımdır. Məktəbdə dinlərin tarixi öyrədilsə, gənclər də hansı dinin nəyə xidmət etdiyini bilər. Cihad islamda iki cür olur: böyük və kiçik cihad. Böyük cihad o deməkdir ki, insan öz zəif nöqtələrini tapıb ona qarşı mübarizə aparmalıdır”.
Mürtəza
Gununsesi.info