Gənclərin QHT-lərdə rolu

  • By admin
  • 02 Fevral 2022 13:20

“Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Gənclər, mən sizə inanıram, güvənirəm”. Bu sözləri Cənab Prezident İlham Əliyev özünün tviter hesabında gənclərə bayram təbriki ilə bağlı paylaşımında yazıb.

Bu gün hər bir azərbaycanlı gənci əyilməz və qürurlu millətin nümayəndəsi, güclü və qüdrətli qalib dövlətin vətəndaşı olmağından qürur duyur. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, bacarıqları, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onun mənsub olduğu xalqın rifahının yaxşılaşmasında və ölkənin çiçəklənməsində böyük əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanda yeni idarəçilik modeli tətbiq olunmaqdadır. Bu modelin kadr bazasını əsasən gənclər təşkil edir. Burada nəinki hökumət strukturları, həmçinin Qeyri Hökumət Təşkilatlarının da rolu prioritet olaraq nəzərə alınıb. Buna misal kimi Azərbaycanda vüsət alan könüüllülük hərəkatını göstərmək olar. Çoxları könüllü sözünü gəncliklə bağlayırlar, amma bu belə deyil. Könüllü nəinki gənclərdən, eyni zamanda yaşlı nəsil nümayəndələrindən də ibarət olur. Xarici ölkələrdə yaşlı nəsil əmək pensiyasına çıxdıqdan sonra müxtəlif sahələr üzrə könüllü xidmətlə məşğul olurlar və gənc nəslin bu sahədə formalaşması üçün, bir növ, onlara stimul verirlər, öz təcrübələri ilə bölüşürlər.

Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yarnması, Agentliyin Nizamnaməsində edilən dəyişikliklər, gənclərin QHT-lərdə rəhbər vəzifələrə gətirilməsi ölkə rəhbərliyinin QHT-lərə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

İstər ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışlarında, istərsə də 2020-ci ildə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasında, ən əsası isə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan gəncləri könüllü olaraq dövlətə dəstək fəaliyyətində müstəsna rol oynadılar. Belə ki, müharibə dövründə zərərçəkmiş mülki əhaliyə göstərilən könüllü xidmətdə gənc nəslin rolu danılmazdır.

Pandemiyanın ilk başladığı günlərdə QHT-lərin keçirdikləri aksiyalar çərçivəsində gənclərimiz könüllü olaraq ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, köməklik göstərdilər. O cümlədən iş yerlərini itirmiş, ehtiyacı olan ailələrə də ərzaq və digər yardımların edilməsində yaxından iştirakı, sağlamlığının qorunması məqsədilə maarifləndirilməsi ilə bağlı sosial çarxların hazırlanması, maskadan düzgün istifadə, sosial məsafə anlayışının təbliğ edilməsi, yollarda, müxtəlif məkanlarda ictimai nəzarət mexanizminin gücləndirilməsinə də müstəsna xidmətləri olmuşdur. Bu işlərin görülməsində QHT-lərin xidmətləri əvəzolunmazdır.

İnanıram ki, bu il QHT-lərin üzərinə düşən əsas vəzifələrdən biri: – milli mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi; – gənclərin elmi və intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi; – gənclərin təşkilatlanmasının təmin edilməsi, dövlətin müstəqilliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində birləşməsinin gücləndirilməsi; – dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması; – gənclərin Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə etmələri üçün möhkəm əsasın yaradılması və həmçinin gənclərdə “sağlamlığın qorunması”, “elm və təhsil”, “məşğulluq və işsizlik”, “asudə vaxtın düzgün dəyərləndirilməsi”, “hüquqpozmalar”, “ailə məsələləri”, “pis vərdişlərdən uzaq durmaq” və s kimi məsələlər olacaqdır.

İnanıram ki, 2022-ci il QHT-lər və xüsusən gənclər üçün daha səmərəli və uğurlarla zəngin bir dövr olacaqdır.

2 Fevral- Gənclər günü münasibəti ilə bütün gəncləri təbrik edir, potensiallarından dövlətimizin rifahı naminə istifadə etmələrini arzu edirəm!

Emil Seyidəliyev

QHT-lər üzrə ekspert

Gununsesi.info