“Gənclik Mall”a girmək üçün görün hansı SAXTAKARLIĞA ƏL ATDILAR - FOTO

  • By admin
  • 02 Sentyabr 2021 14:24

Artıq dünəndən Azərbaycanda koronavirusla bağlı yeni qaydalar qüvvəyə minib: qapalı kafe-restoran, ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə, habelə hotellərə COVID pasportu olmadan girişə icazə verilmir. COVID pasportunun yoxlanma prosesinin gedişatı ilə tanış olmaq üçün “Gənclik Mall” ticarət mərkəzinə yollandıq.

Gununsesi.info xəbər verir ki, vaksin pasportu ilə əlaqədar ticarət mərkəzi hər zamankı kimi dolub-daşmasa da, kifayət qədər insan var idi. Bu da o deməkdir ki, əhali pandemiyanın gətirdiyi ümidsizlik və məhrumiyyətlərdən ən qısa şəkildə xilas olmağa can atır. Aydındır ki, bunun ən qısa və uğurlu yolu vaksinasiyadır.

Ticarət mərkəzinin girişində sosial məsafə qaydalarına ciddi əməl edilməsə də, mühafizə xidməti işçiləri COVID pasportu olanların içəri buraxılması barədə ciddi təlimat almışdı. Bütün giriş-çıxışlarda mühafizəçilər dayanmışdı. Odur ki, koronavirus pasportu olmadığı üçün ticarət mərkəzlərinə girə bilməyən alış-veriş həvəskarları ilə qapalı restoranlara daxil ola bilməyən qurmanların kədəri lap uzaqdan gözə dəyirdi.

Müşahidə etdik ki, mühafizəçilər hər kəsi tək-tək yoxlayır. Vaksinin sadəcə ilk dozasını vurduranların ictimai iaşə obyektlərinə daxil olmasına da icazə verilirdi. Lakin COVID pasportu və şəxsiyyət vəsiqəsini gətirməyən, eləcə də adı TƏBİB-in portalında çıxmayan vətəndaşlar içəri buraxılmırdı. Allergiyası olması barədə həkimdən aldığı arayışla içəri girməyə çalışanlar geri qaytarılırdı. Onlara bildirilirdi ki, səhhətində problem olduğu üçün vaksin vurdurmayan şəxslər içəri daxil olarkən Səhiyyə Nazirliyinin möhürü olan sertifikatı təqdim etməlidir. Əks halda əraziyə buraxılmayacaqlar.

Restoranlarda vəziyyət daha yaxşı idi. Açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID pasportu və ya immunitet sertifikatı tələb edilmirdi.

Qapalı restoranlara da saxta vaksin pasportu ilə girmək istəyənlərin az olmadığını öyrəndik. Bu kimi halların qarşısını almaq üçün gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur və portalda adları yoxlanılır.

Gununsesi.info