Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə “işğal olunmuş Fələstin limanlarına gedən” Britaniya ticarət gəmisini hədəf aldıqlarını açıqlayıblar.
Gununsesi.info-nun məlumatına görə, husilərin hərbi sözçüsü Yəhya Seri X sosial media hesabında məsələ ilə bağlı açıqlama verib.
Fələstin xalqı ilə həmrəylik mesajı verən Seri ABŞ-İngiltərənin Yəməni hədəf almasına cavab olaraq Qırmızı dənizdə bir İngilis ticarət gəmisini “uyğun dəniz raketləri” ilə hədəf aldıqlarını bildirib.
Hədəf aldıqları gəminin “işğal olunmuş Fələstin ərazisinə” getdiyini qeyd edən Seri İsrailə işarə edərək, Qırmızı dəniz və Oman dənizlərində İsrail gəmilərinə və ya İsrailə gedən gəmilərə qarşı hücumların Qəzzaya qarşı blokada qaldırılana və İsrailin hücumları bitənə qədər davam edəcəyini bildirib.
İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü ildə İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə PUA və raketlərlə hücum etməyə başlayıblar.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını açıqlayıb.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək, 18 dekabr 2023-cü ildə bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.
31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterləri tərəfindən atəşə tutulub.
Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.
Gununsesi.info