Gələcək nəsilləri bu bəladan qorumaq istəyiriksə… – Həkimdən ÇAĞIRIŞ

  • By admin
  • 21 Fevral 2021 12:26

“Hazırda xəstəxanamızda vaksinasiya prosesinin həm birinci, həm də ikinci mərhələsi aparılır. 65 yaşdan yuxarı şəxslərlə yanaşı, 50-dən çox yaşı olanlar da bu prosesə cəlb edilib”.

Bunu Publika.az-a açıqlamasında 5 saylı Şəhər Poliklinikasının baş həkiminin müavini Təranə Ağabalayeva deyib.

Həkimin sözlərinə görə, indiki halda koronavirusla mübarizədə ən effektiv üsul vaksinasiyadır: “Hər kəs istəyir ki, virus birdəfəlik yoxa çıxsın. O cümlədən, bizim də arzumuz təkcə Azərbaycanda yox, bütün ölkələrdə bu virusun sona çatması, yoluxmaların və ölüm hallarının azalmasıdır. Ağırlaşmaların da olmaması üçün hər kəsin koronavirus əleyhinə peyvənd olunması vacibdir.

Xəstəxanamızın bütün həkimlərinə peyvənd vurulub. Müəyyən yaş aralığında olan şəxslərlə yanaşı, hazırda könüllü vaksin vurdurmaq istəyənlərin də sayı çoxdur. Onlar vaxtından əvvəl vaksinasiyaya qoşulmaq üçün müraciət edirlər”.

T.Ağabalayeva qeyd edib ki, poliklinikanın bütün həkimləri tibb müəssisəsinə gələn şəxslərin hər birinə vaksinin əhəmiyyətini başa salır: “Eyni zamanda, vaksin vurduran şəxslərə də maarifləndirici məlumatlar verilir. Yaşlı əhali ilə daha sıx təmasda işləyirik, onlara xüsusi risk qrupunda olduqlarını, yoluxacaqları halda daha çox zərər görəcəklərini, xəstəliyi ağır keçirmə ehtimallarının yüksək olduğunu deyirik.

Vaksinasiya gələcəkdə insanların virusa yoluxmasının qarşısını almaqla yanaşı, yoluxacaqları təqdirdə əksər fəsadların baş verməsinə də əngəl ola bilər. Buna görə də hər kəsi vaksin vurdurmağa və özlərini bu üsulla qorumağa çağırırıq. Gələcək nəsilləri də bu bəladan qorumaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq”.

Gununsesi.info