Gələn ildən Bakıda dizellə işləyən avtobuslar işləməyəcək? - BNA-dan RƏSMİ AÇIQLAMA

  • By admin
  • 29 Dekabr 2021 12:59

Yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırkı vəziyyətdə bu, mümkün deyil.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yararsız olması hər kəsə bəllidir: “Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməli və s. Bunun əvəzində belə qərarların qəbul edilməsi işləri xeyli ləngidir.

Onun fikrincə, ilin sonuna qalan bu iki iş günündə NK-nın 73 saylı qərarının həmin bəndi ləğv edilməlidir: “Onsuz da bu bənd icra edilməyəcək, çünki icra edilsə, Bakı avtobussuz qalacaq.

Bununla bağlı Publika.az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxlayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin qərarda 2022-ci ilin yanvarın 1-dən Bakı şəhərində dizellə işləyən avtobusların fəaliyyətinə qadağa qoyulacı yazılmayıb: “Qərarda da açıq-aşkar göstərilir ki, 2022-ci ilin 1 yanvar tarixindən Bakı şəhərində yalnız elektrik və SNC – yəni sıxılmış təbii qaz mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizellə işləyən, hazırda xəttə olan avtobuslar da işləyəcəklər”.

BNA-nın sözçüsü məsələ ilə bağlı ekspertlərin mətbuatda yayılan fikirlərini yalandan, şou xatirinə irəli sürüldüyünü deyir: “Bu da nəticə etibarı ilə insanlar arasında çaşqınlıq yaradır. İctimai nəqliyyat, sərnişindaşıma daima insanların maraq göstərdiyi çox həssas bir sahədir. Bununla bağlı fikir söyləyən ekspertlər bir qədər məsuliyyətli olsunlar. Qərarın nələri özündə ehtiva etdiyini anlasınlar”.

Gununsesi.info