“Gələn ilin tədiyyə balansı üzrə müsbət saldonun 1,4 mlrd dollar olacağı proqnozlaşdırılır” - NAZİR MÜAVİNİ

  • By admin
  • 07 Noyabr 2017 12:30
 
“2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun bu ildəkindən də yüksək, yəni 1,4 milyard dollar olacağını gözləyirik. Neft-qaz layihələrinin reallaşması nəticəsində növbəti illərdə bunun daha da artacağı proqnozlaşdırılır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
 
Onun sözlərinə görə, gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1% azalacağı, neft-qaz hasilatının xüsusi ilə də “Şahdəniz 2” layihəsinin işə düşməsi qaz hasilatının artması ilə nəticələnəcək və növbəti illərdə orta hesabla neft-qaz sektoru 5%-ə yaxın artacağı proqnozlaşdırılır. “Bununla yanaşı, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM 1,5%, növbəti illərdə isə 3,5% artacağı proqnozlaşdırılır. Cari ildəki kimi növbəti ildə də tədiyyə balansı müsbət olacaq. Gələn il tədiyyə balansı üzrə müsbət saldonun bu ildəkindən də yüksək, yəni 1,4 milyard dollar olacağını gözləyirik. Neft-qaz layihələrinin reallaşması nəticəsində növbəti illərdə bunun daha da artacağı proqnozlaşdırılır”, – deyə S.Həsənova vurğulayıb.
Mürtəza
Gununsesi.info