Gəncə İnzibati Məhkəməsinin fəaliyyəti araşdırılmalıdır - QÜDRƏT HƏSƏNQULİYEVDƏN TƏLƏB

  • By admin
  • 04 Mart 2022 17:55

“Gəncədə bəzi məhkəmə prosesləri və çıxarılan qətnamələr bazar qanunlarına əsaslanır. Hamımız bu ölkədə yaşayırıq və çətin işləri bilirik. Yəni güclü məhkəmə hakimiyyəti olmadan Azərbaycanda güclü ombudsman institutu ola bilməz”. Gununsesi.info xəbər verir ki, bunuBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) illik məruzəsi ilə bağlı çıxış edərkən deyib.
Millət vəkili diqqətə çatdırıb ki, son illər məhkəmə-hüquq islahatları istiqamətində müəyyən işlər görülür: “Amma biz hər zaman vurğulayırıq ki, görülən işlər yetərli deyil. Mənim bu məruzədə diqqətimi çəkən məsələlərdən biri hüquq və azadlıqların məhkəmə təminatı fəsli oldu. Bu sözsüz ki, bizim komitənin profilinə də uyğundur. Hamı bilir ki, Gəncə camaatının dövlət hakimiyyət orqanlarının vicdanlı davranışı sarıdan bəxti heç zaman gətirməyib. Yəni onları hər zaman məcbur ediblər ki, “yazılmamış qanunlar”la yaşasınlar. Mən, onu da qeyd etmək istəyirəm, təəsüf ki, iqtisadiyyatımızı azad rəqabətə əsaslanan, bazar iqtisadiyyatı prinsipləri əsasında qura bilməsək də Gəncədə bəzi məhkəmə prosesləri və çıxarılan qətnamələr bazar qanunlarına əsaslanır. Burada  da xüsusilə Gəncə İnzibati Məhkəməsi ilə əlaqədar olan məsələ ilə tanış oldum. Bu məhkəmədən şəxsən mənim özümə də müraciətlər ediblər. Hətta mənim müdaxiləmdən sonra da süründürməçilik davam edir. Məhkəmə iddiaçının nə lehinə, nə də əleyhinə qərar qəbul etmir. Bzim hörmətli həmkarımız Nizami Səfərov da Məhkəmə Hüquq Şurasının üzvüdür. Burdan müraciət edirəm və hesab edirəm ki, Məhkəmə Hüquq Şurasında, xüsusilə bu məhkəmənin fəaliyyəti araşdırılmalı və yoxlanılmalıdır. Obmudsman müraciət edir və sənəd tələb edir, amma həmin sənədlər ombudsmana təqdim olunmur. İndi görün vətəndaşın vəziyyəti nə yerdədir? Hətta bu hesabatda da öz əksini tapıb. Bu, təkcə İnzibati məhkəmə yox, Gəncə Apellyasiya Məhkəməsinin inzibati kollegiyası ilə də bağlıdır. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Biz zaman-zaman orada baş verən prosesləri, insanların incidilməsini görmüşük. Mən fürsətdən istifadə edib diqqəti Gəncəyə yönəltdim. Ümumən məruzəni məqbul sayıram və səs verəcəyəm”.

Günay
Gununsesi.info