“Gəncə işi” üzrə həbs edilən Yusif Sadıxova 13 maddə üzrə bəraət verildi

  • By admin
  • 10 Yanvar 2022 16:53

2018-ci ildə Gəncədə baş verən iğtişaşlar zamanı saxlanılan şəxslərdən biri Yusif Sadıxovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Y.Sadıxov 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

Belə ki, Y.Sadıxov ittiham olunduğu 15 maddədən 13-ü üzrə bəraət alıb. Cinayət Məcəlləsinin 28.214-cü (terroçuluğa hazırlıq) və 28.277-ci (sui-qəsdə hazırlıq) maddələri CM-nin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Vəkil C. Yusifov əlavə olaraq bildirib ki, “Verilən qərar qane etməsə də, hüquqi müstəvidə sona qədər mübarizə aparıb tam bəraət alasıyıq”.

Qeyd edək ki, dövlət ittihamçısı Y.Sadıxovun 16 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Gəncə hadisələri ilə bağlı 83 nəfər cinayət məsuliyyətinə cəlb olunub və barələrində axtarış elan edilənlər də var idi. İğtişaşlar zamanı Gəncə İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.

 

 

Gununsesi.info