Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində region üzrə məşqçi-müəllimlər və idmançıların iştirakı ilə regional seminar keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev məlumat verib.
Seminarın əsas məqsədi qarşıdan gələn yarışlara hazırlıq prosesinə dəstək vermək, məşqçilərin və idmançıların bilik və bacarıqlarını artırmaq olub.
Tədbirdə regionu təmsil edən 200-ə yaxın idmançı və 100-ə yaxın məşqçi iştirak edib. Ümumilikdə 300-ə yaxın iştirakçının qatıldığı seminarda müasir məşq metodları, texniki və taktiki hazırlıq, yarış qaydaları, hakimlik meyarları, eləcə də idmançıların fiziki və psixoloji hazırlığının gücləndirilməsi istiqamətində nəzəri və praktiki məşğələlər təşkil olunub.
Seminardan sonra Azərbaycan Karate Federasiyasının İdarə Heyəti ilə məşqçi-müəllimlərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib. İclasda regionda karate idman növünün mövcud vəziyyəti, inkişaf perspektivləri, məşq prosesinin təkmilləşdirilməsi, gənc idmançıların hazırlığı, qarşıdan gələn yarışlara hazırlıq və federasiya ilə regionlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüş zamanı məşqçilərin təklifləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və regionlarda karate idman növünün inkişafı üçün həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Azərbaycan Karate Federasiyası gələcəkdə də ölkənin müxtəlif regionlarında bu cür seminar və görüşləri davam etdirərək karate idman növünün inkişafına, məşqçi və idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət ayıracaq.












