Gəncənin deputatları Bəxtiyar Hacıyev haqqında nə düşünür?

  • By admin
  • 24 Fevral 2023 14:20

2 aya yaxındır ki, həbs həyatı yaşayan siyasi fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasının 46-cı günü tamam oldu.

Bu müddət ərzində ABŞ başda olmaqla, Avropa İttifaqına üzv ölkələr, həmçinin dünyanın  nüfuzlu insan haqları təşkilatları ona azadlıq tələb edib.

Bəs görəsən,  Hacıyevin Gəncə sakini olmasını nəzərə alsaq, bu şəhərdən seçilən deputatlar onun haqqında nə düşünür?

Gununsesi.info-ya açıqlamasında Gəncədən seçilən deputat Musa Quliyev Hacıyevin həbsinin detallarından xəbərsiz olduğunu deyib:” Mən Bəxtiyar Hacıyevin həbsdə aclıq etdiyini bilirəm, amma səbəblər mənə bəlli deyil. Ona görə də məlumatlı olmadığım iş haqqında danışmaq istəmirəm”.

Gəncədən seçilən digər deputat Naqif Həmzəyev isə bildirir ki, Hacıyevin ətrafında baş verən proseslər onun durumunu daha da ağırlaşdırıb:

Diqqət edirsinizsə, bu gün onun həbsindən, keçirdiyi aclıq aksiyasından hakimiyyətə, dövlətə qarşı təzyiq kimi istifadə olunur. Hesab edirəm ki, bu məsələ ətrafında sakitlik olsaydı, proses bu qədər ajiotaja səbəb olmayacaqdır.  

Bəxtiyar Hacıyev ictimai fəaldır. Amma onun həbsindən  hakimiyyətə qarşı öz məqsədi üçün yararlanmağa çalışan qüvvələr var. Ona aclıq aksiyasını dayandırmağa çağırışlar edilməlidir.Amma bu prosesdə  əksini görürük. Bu cür hallar isə humanist qərarın verilməsinə maneçilik törədir.

 Bəxtiyar Hacıyevin azadlığını səmimi istəyənlər bunu nəzərə almalıdır”.

 

Elmar Elnuroğlu

Gununsesi.info