Gənc oğlan meyvə qabını arvadının başında sındırdı

  • By admin
  • 15 Noyabr 2022 14:57

Gəncə şəhərində 1989-cu il təvəllüdlü Rəşad Quliyev şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşı Yasəmənə (adlar şərtidir – red.) xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, hadisə bu ilin mayın 30-da baş verib. Rəşad yaşadığı evdə qısqanclıq zəminində arvadı ilə mübahisə edib və stolun üstündəki şüşə materialdan olan meyvə qabını onun başının sağ gicgah nahiyəsindən vurub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad bildirib ki, Yasəməni bir ildir tanıyır:

“Mənim Yasəmən ilə qeyri-rəsmi münasibətim olub. Yasəmən ilə münasibətim əvvəllər normal idi. Son vaxtlar Yasəmən ilə aramızda qısqanclıq zəminində mübahisələrimiz olub. Yasəmən mənim ayrı-ayrı qadınlarla münasibət saxladığımı eşitdiyi üçün mübahisə etməyə başlayıb”.
Təqsirləndirilən şəxs deyib ki, mayın 30-da Yasəmən onun münasibətdə olduğu qadına SMS vasitəsilə səs göndərib və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışıb:

“Bunu bildikdən sonra Yasəmənin anası və bacısına zəng vurdum və bildirdim ki, Yasəməni başa salsınlar, mənim barəmdə cəmiyyət içində nüfuzdan salacaq nalayiq sözlər danışmasın. Lakin bu heç bir fayda vermədi. Buna görə də həmin gün saat 14 radələrində Yasəmənin yaşadığı evə getdim.

Ona nə üçün belə etdiyini, barəmdə başqaları ilə danışdığını, məni cəmiyyət içində nüfuzdan salmağa çalışdığını soruşdum. Yasəmən mənimlə mübahisə etdi və “yaxşı elədiyini” dedi. Eyni zamanda bu hərəkətlərini davam etdirəcəyini söylədi. Həmin vaxt əsəbi olduğum üçün stolun üzərində olan meyvə qabını Yasəmənin baş nahiyyəsindən vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş Yasəmənin sözlərinə görə, təxminən 2022-ci ilin aprel ayında Rəşadla onun arasında qısqanclıq zəminində mübahisələr baş verib:

“Rəşad öz dostunun adından məndən orta məktəbdə idman müəlliməsi işləyən Səlimənin teefon nömrəsini istədi. Bundan sonra Rəşad məndən xəbərsiz Səlimə ilə qeyri-rəsmi olaraq yaşamağa başladı.
Daha sonra Səlimə tərəfindən eşitdim ki, Rəşaddan öz nömrəsini hardan tapdığını soruşub, Rəşad həmin nömrəni dostunun yaşadığı qızdan, yəni məndən aldığını söyləyib. Bunu bildikdən sonra Rəşadla aramızda narazılıqlar yarandı”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Rəşad onun yaşadığı evə gəlib və heç bir səbəb olmadan onunla mübahisə etməyə başlayıb:

“Rəşad mənə dedi ki, sənin saçını qırxaram. Bu zaman bizi aralaşdırmağa çalışan anamı da kənara itələdi və masanın üzərində olan şüşə meyvə qabını götürərək başıma vurdu. Həmin vaxt baş nahiyəmdən xəsarət aldım”.

Zərərçəkmiş qeyd edib ki, bir qədər sonra bacısı evə gəlib və baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verub.

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Məhkəmə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyub. Təqsirləndirilən şəxsin cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunub.

Gununsesi.info