Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib - DƏMX

  • By admin
  • 14 Mart 2017 12:56

NAZIRLIK

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX ) gecikdirilmiş sosial xarakterli ödənişlərin işə götürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

HTML tutorial

Bu haqda Gununsesi.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan müraciətlərin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirilməsi halları əksini tapıb.

Həmin müraciətlərlə əlaqədar Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində yanvar-fevral aylarında işəgötürənlər tərəfindən 53259 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan vəsaitin 97,7 faizini əmək haqları, 1,6 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Görülən tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları tərəfindən işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri barədə hüquqi izahatlar da verilib.

Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmə ilə bağlı müraciətləri də obyektiv şəkildə araşdırılıb. Qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunan şəxslərin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Anar
Gununsesi.info